İngiltərə yığmasının keçmiş ulduzu Devid Bekhem yenidən yaşıl meydanlara dönə biləcəyi ilə bağlı siqnal verib. Apasport.az saytının məlumatına görə, hücumçu BBC-nin onunla bağlı çəkdiyi verilişdə futbolçu karyerasını başa vurmasından sonra çətin dövr yaşadığını etiraf edib.
Sonuncu dəfə 2012/2013 mövsümündə PSJ forması geyən və sonra futbola vida edən Bekhem bildirib ki, ilk dövrlər dincəlmək fürsəti tapdığı üçün özünü xoşbəxt sayıb: “Amma vaxt keçdikcə, bu vəziyyətdən sıxılmağa başladım. Artıq basketbol oyunlarını izləyirəm. Oyunçular gözəl oyun göstərəndə, içimdə təəssüf yaranır. Yenidən köhnə günlərə qayıtmaq istəyirəm. Özümə “Futbola dönə bilərəmmi? Təqaüdçülükdən qurtularaq yenidən oynaya bilərəmmi?” suallarını verirəm”.
Mayamidə futbol klubu almaq üçün çalışdığını bildirən ulduz futbolçu öz klubunda oynaya biləcəyini etiraf edib: “Bundan əvvəl həm klub sahibi, həm də futbolçu olan şəxsi tanımıram. Amma niyə də birinci olmayım?”