Braziliyalı futbolçu Renan Bressan karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Belarusda milliləşən hücumçu adı açıqlanmayan klublarımızın birindən təklif alıb.
Qazaxıstanın “Astana” klubunun üzvü sayılan cənubi amerikalının keçidində problem olmamalıdır. Çünki klubu yaxın günlərdə onunla müqaviləni pozacaq. Bundan sonra azad agent statusu alacaq Bressan ölkəmizə üz tuta bilər.
“Astana” rəhbərliyinin futbolçunun xidmətindən imtinası onun Qazaxıstanda özünü göstərə bilməməyi ilə bağlıdır. Bu üzdən Renan mövsümə start verən komandasının düşərgəsinə də qatılmayıb.
Qeyd edək ki, Bressan Belarus millisində 17 oyuna 3 qol vurub.