Belə qələbə olmamışdı
23.07.2014 - 09:37
Belə qələbə olmamışdı

Azərbaycan klubları avrokuboklar tarixində 7-ci dəfə böyükhesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Maltanın “Valletta” klubunu 4:0 hesabı ilə məğlub edən “Qarabağ” özünün 4-cü, təmsilçilərimizin 7-ci darmadağınını rəsmiləşdirib.

 

Hamıdan çox 4 belə qələbə əldə etməsi rekord olan Ağdam təmsilçisi daha iki nailiyyətə imza atıb. Düzdür, bu qələbə klub futbolumuz tarixində ən böyük hesablı deyil. Çünki 2 il əvvəl “İnter” “Trans”a daha çox – 5 cavabsız qol vurmuşdu. “Qarabağ” “bankirlər”in rekordunu çatmasa da, fərqlənə bilib.

 

Belə ki, “İnter”in darmadağını səfərdə - Estoniyada qeydə alınmışdı. Elə “Qarabağ”ın 4 top fərqilə əldə etdiyi əvvəlki qələbə də Litvada “Banqa”ilə matça təsadüf etmişdi. Azərbaycanda isə klublarımız meydan sahibi kimi ən ayxşı halda 3 top fərqilə qalib gəlmişdi. Bu da o deməkdir ki, “Qarabağ” klublarımızın ən böyükhesablı ev qələbəsini qazandı və tribunalardakı Azərbaycan azarkeşlərinə klub səviyyəsində görünməmiş sevinc yaşatdı.

 

Ağdam təmsilçisinin digər rekordu isə Çempionlar Liqasındakı ən böyükhesablı qələbəmizi qazanmasıdır. Həm “Trans”, həm də “Banqa” zəfəri Avropa Liqasına təsadüf etmişdi. Digər 4 böyük hesab 3 top fərqilə olmuşdu. Onlardan da ikisi qitənin ən nüfuzlu klub turnirində - “Şəmkir” və “Neftçi” tərəfindən qazanılmışdı.

 

Avrokuboklarda Azərbaycan klublarının böyükhesablı qələbələri

Çempionlar Liqası

19.07.2000 “Şəmkir” – “Skonto” (Latviya) - 4:1
17.07.2012 “Neftçi” – “Zestafoni” (Gürcüstan) – 3:0 

22.07.2014 “Qarabağ” – “Valletta” (Malta) – 4:0

Avropa Liqası

01.07.2009 “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1
30.06.2011 “Banqa” (Litva) – “Qarabağ” – 0:4
07.07.2011 “Qarabağ” – “Banqa” (Litva) – 3:0
05.07.2012 “Trans” (Estoniya) – “İnter” – 0:5