Berbatov PAOK-dan ayrılır?
25.11.2015 - 11:57
Berbatov PAOK-dan ayrılır?

“Qəbələ”nin Avropa Liqasında növbəti rəqibi olan PAOK-da ayrılıq baş verə bilər. Apasport.az-ın Yunanıstan mətbuatına istinadən məlumatına görə, komandanın ulduz futbolçusu Dimitar Berbatov başqa ölkəyə köçmək fikrindədi.

 

Yay transfer dönəminin son günündə Saloniki təmsilçisi ilə anlaşan 34 yaşlı forvard komandaya və ölkəyə uyğunlaşmaqda çətinlik çəkir. Yunan həmkarlarımızın yazdığına görə, Berbatov komanda yoldaşları ilə ünsiyyət qurmaqda da problem yaşayır. Təsadüfi deyil ki, o, bu mövsüm cəmi 10 oyunda iştirak edib və 3 qola imza atıb.

 

Futbolçunun meneceri başqa ölkələrdə klub axtarışına başlayıb. Rəhbərlik onu Avropa Liqasında komandaya kömək etmək üçün gətirsə də, Bolqarıstan millisinin üzvü qrupda keçirdiyi 3 matçda hələ “siftə” etməyib. PAOK Avropa Liqasında növbəti mərhələ şansını itirərsə, hətta “Qəbələ” ilə qarşılaşmadan sonra da Dimitarın müqaviləsinə xitam verilə bilər.

 

Qeyd edək ki, PAOK – “Qəbələ” oyunu sabah Saloniki şəhərinin “Tumba” stadionunda keçiriləcək. Əgər PAOK qələbə qazana bilməsə və ya qrupun digər görüşündə “Krasnodar” qalib gəlsə, Yunanıstan klubunun 1/16 final şansının üstündən xətt çəkiləcək.