FİFA prezidenti Yozef Blatter Rio-de-Janeyroda keçirdiyi mətbuat konfransı zamanı Uruqvay millisinin hücumçusu Luis Suares barəsində danışıb. Apasport.az saytının məlumatına görə, Blatter futbolçunun diskvalifikasiyasına toxunaraq, Suaresə yazığı gəldiyin bildirib.
FİFA prezidenti hər şeyin qaydalar çərçivəsində olduğunu vurğulayıb: “Bir insan kimi Suaresə yazığım gəlir. Amma FİFA prezidenti kimi nizam-intizam komitəsinin çıxardığı qərarın ədalətli olmasına və əsaslandırılmasına şübhə edə bilmərəm. Bizim təşkilatımızda demokratiya hökm sürür. Profil komitələrimiz kifayət qədər sərbəstdirlər. Ümid edirəm ki, Suares diskvalifikasiyası başa çatandan sonra planetimizin ən böyük klublarından birində gözəl oyun göstərəcək”.