Blatter: Bütün dünyada legioner limiti tətbiq edilməlidir
25.04.2014 - 21:16
Blatter: Bütün dünyada legioner limiti tətbiq edilməlidir

 

FİFA prezidenti Yozef Blatter legioner limiti ideyasını bərpa etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Blatterin hələ 2008-ci ildə irəli sürdüyü bu ideyanın əsasında komandalara məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulur. Belə ki, rəsmi oyunlarda hər bir komandanın heyətində təmsil etdikləri ölkədən ən azı 6 futbolçu olmalıdır.

 

Blatter zamanında bu ideyanın Avropa Birliyindəki əmək qanunu səbəbindən uğursuzluğa düçar olduğunu bildirib: “Bu qanuna görə, hər bir insan seçdiyi ölkədə işləmək hüququna malikdir. Amma bununla bağlı yekun qərar qəbul edilməyib”.

 

Avropa məsələləri üzrə İnstitutun ekspertlərinin fikrincə, “6+5” qaydası mövcud qanunvericiliyə zidd deyil və bu səbəbdən də tətbiq edilə bilər.

 

Blatter legioner limitinin tətbiq edilməsinin klublar və yığma komandalar arasında balansa təsir edəcəyini, klubların milli mənsubiyyətini göstərəcəyini, yerli futbolçulara daha böyük diqqət ayrılmasına kömək edəcəyini vurğulayıb: “Avropanın aparıcı liqalarına bircə baxış kifayət edir ki, orada xaricilərin üstünlük təşkil etdiyini görək. İngiltərədə xaricilər 60,4 faiz, İtaliyada 54,1 faizdir. Bu, yerli futbolçuların həyatını çətinləşdirir. Əlbəttə, azad rəqabət biznes üçün yaxşıdır. Amma bu, gənc futbolçuların inkişafına mane ola bilər”.