“Verdiyi nəticələrlə kifayətlənən, əldə etdiyi uğurları xərcləyən məşqçilərdən deyiləm. Bir zirvəni fəth edirsənsə, növbəti hədəf ondan uca zirvə olmalıdır. Bu mənada, “Neftçi”nin baş məşqçisi qismində keçirdiyim 101 oyunda 51 qələbə qazanmağımı qənaətbəxş saya bilmərəm. Mənim hələ futbolda deyiləsi sözlərim var”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
2011/12 mövsümünün startında Çempionlar Liqasındakı uğursuzluqdan sonra Arif Əsədovu əvəzləyən və 2 il sonra eyni yarışdakı məğlubiyyətdən sonra postunu tərk edən Hacıyev bu ilin əvvəlində yenidən komandanın “sükanı arxası”na keçib. “Zəif” ləqəbli çalışdırıcı “ağ-qaralar”a rəhbərlik etdiyi 2 mövsüm ərzində çempion titulunu qorumaqla bərabər, “ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxartmaqla tarix yazıb. Hərçənd, cari birincilikdə “Neftçi”nin yenidə marafonu ilk sırada tamamlayacağı inandırıcı görünmür.
İstənilən halda, Hacıyevin “Neftçi”dəki karyerasını uğurlu saymaq olar. Bəs, görəsən, 51 qələbə içərisində Böyükağa bəy üçün xüsusi yeri olan bir zəfər varmı? Onu dinləyək: “Avropa Liqasının pley-off mərhələsinin Kiprdə APOEL üzərində qazandığımız 3:1 hesablı qələbəni heç vaxt unutmaram. Həmin uğurla tarix yazdıq. İlk dəfə olaraq, Azərbaycan klubu avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandıq. Ən çox üzüldüyüm məğlubiyyəti bilmək istəyirsinizsə, bu, Albaniyada “Skenderbeu”ya uduzduğumuz matçdır. Çox məyus oldum və postumdan istefa verdim”.
Qeyd edək ki, Hacıyevin rəhbərliyi altında 51 qələbə qazanan “Neftçi” 26 matçda uduzub, 24 qarşılaşmadan isə bərabərliklə ayrılıb.