“Rəqibi xüsusi təqdim etməyə ehtiyac var? Kiyev “Dinamo”su Avropanın adlı-sanlı klublarından biridi. Biz hələ Bakıda və ondan sonra Boludakı təlim-məşq toplanışında olarkən klub rəhbərliyi bildirmişdi ki, “Dinamo” ilə oyunumuz nəzərdə tutulub”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
“Neftçi” dünən Avstriya toplanışı zamanı Kiyev “Dinamo”su ilə yoxlama oyunu keçirib. 13 dəfə SSRİ və 13 dəfə Ukrayna çempionu olan “Dinamo” ilə görüş 2:2 hesabı ilə başa çatıb. Böyükağa Hacıyev məhz bu hazırlıq oyunu ilə bağlı fikirlərini bildirib.
Təcrübəli mütəxəssis klubunun rəsmi saytına açıqlamasında komandasının oyunundan razı qaldığını deyib: “Sevindirici məqam idi ki, Ukrayna komandası “Neftçi”ni son dərəcədə ciddiyə alaraq, əsas heyətlə meydana çıxdı. Sanki rəsmi oyun imiş kimi meydançada çox amansız mübarizə getsə də, futbolçular bir-birinə hörmətlə yanaşdılar. Bolu toplanışından sonra belə rəqiblə oyunda komandanın fiziki durumunun nə yerdə olduğunu bilmək çox önəmli idi. Bu baxımdan məmnun qaldım. Sevindirici məqamlardan biri də budur ki, “Dinamo” kimi heyətində milyonlarla qiyməti olan futbolçuların çıxış etdiyi rəqibdən çəkinmədik. Bu oyunda dəfələrlə 100 faizlik qol epizodu yaratdıq və bunlardan da 2-ni qola çevirdik. Hesabda geri düşməsinə baxmayaraq, komandamız məğlubiyyətlə barışmaq istəmədi və əzmkarlıq nümayiş etdirdi. Futbolçuların əzmkarlığından, əsasən də gənc yerli oyunçulardan razı qaldım”.
Hacıyev start heyətində meydana çıxan yeni transfer Kauenin hələ uyğunlaşma prosesi keçirdiyini və Avroliqanın II təsnifat mərhələsinə kimi optimal heyət quracağını da nəzərə çatdırıb: “Yeni transfer Kaue də bu oyunda özünü yaxşı tərəfdən göstərdi. Bununla belə, komandaya uyğunlaşması davam edir. Qarşıda hələ bir neçə hazırlıq oyunumuz var. İyulun 17-də Avroliqada keçirəcəyimiz ilk matçadək optimal heyəti müəyyənləşdirməliyəm və bunun üzərində də iş gedir”.