Bu gün “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində “Çixura” ilə cavab matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev oyun öncəsi gürcüstanlı həmkarlarımızın qarşısına çıxıb. O, Tiflisdə baş tutan mətbuat konfransında komandasının mərhələ keçəcəyinə inam ifadə edib, yetirmələrinin matçda şou göstərəcəklərini açıqlayıb.
- Gürcüstanda sizinlə olmaq mənim üçün xoşdur. Mən burada özümü Bakıdakı kimi hiss edirəm. Bizim ölkələrimiz arasında sıx əlaqələr var. Mən gənc olanda Gürcüstanda - Batumi və Tiflisdə çox oynamışam. Bu stadion mənə tanışdı. Bundan əlavə, gürcüstanlı mütəxəssisləri Azərbaycanda çox çalışır. Kaxaber Sxadadze 5 ildir ki, “İnter” baş məşqçisidir. Georgi Çixradze 3 ildir Zaqatala "Simurq"unu çalışdırır. Mən sabah şou olmağını istəyirəm. "Çixura" çox qapalı futbol oynayır. O, çox yaxşı komandadır. Rəqibimiz Türkiyənin ən yaxşı klublarından biri olan “Bursaspor”a qarşı bunu sübut etdilər. Lakin “Çixura"dan fərqli, bizim bir şüarımız var: ən yaxşı müdafiə hücumdur. Bütün taktika unikaldır. Bu taktikanı həyata keçirəcək olan futbolçular bizim üçün vacibdir. “Çixura"da Serxio Ramos və Puyol olsaydı, mən bu komandadan müdafiədə səhv gözləməzdim. “Neftçi” Avropa səviyyəli klubdur. Biz “Çixura”nı yaxşı analiz etdik. Onların güclü komanda olduğunu da etiraf edirəm. Lakin, ümid edirəm ki, biz onları məğlub etmək üçün bir yol tapacağıq və matçı qazanacağıq.
- Sizin vaxtınızda oynamış Gürcüstanın veteran futbolçuları barədə fikirləriniz maraqlıdır...
- Sovet dövründə çox yaxşı gürcü oyunçular var idi. Murtaz Xurtsilava, Aleksandr Çivadze, Piruz Karseladze, Manuchar Machaidze, Ramaz Şengelaya, David Kipiani, Vitali Daraselya və bir çoxlarının adlarını çəkə bilərəm. İndi gürcülər arasında belə oyunçuları görə bilmirəm. Siz onları görürsünüz? Kipianin oyunları real sənət əsəri idi.
- “Çixura”nın müdafiə futbol oynadığını, “Bursaspor” və “Neftçi”yə qarşı çıxışlarını təhlil etdiyinizi dediz. Həmçinin, cavab matçda şou olacağını bildirdiz. Bunu necə başa düşək?
- “Çixura”nın baş məşqçisinin adından bir şey deyə bilmərəm. Düzdür, onların mövqeyindən çıxış etdim. Amma müdafiə futbolu həmişə “işləmir”.
- Siz evdə uduzduğunuz Sloveniya "Koper"ini səfərdə məğlub etdiniz. Həmin rəqiblə “Çixura” arasında oxşarlıq görürsünüzmü və ya bu dəfə də Gürcüstanda mərhələ adlayacağınıza inanırsızmı?
- Biz düşünürük ki, “Koper” və “Çixura” eyni üslubda oynayan komandalardır. Onlar adətən müdafiə taktikasını seçirlər. Hətta, deyərdim ki, “Çixura” sloveniyalılardan bir addım irəlidir. Futbol komanda oyunudur. Bizim öz taktikamız var və mən oyun öncəsi bu barədə danışa bilmərəm.
- Dağlıq Qarabağda vətəndaşlarınızın şəhid olması barədə xəbərimiz var və baş sağlığı veririk. Bununla bağlı UEFA qara sarğı ilə oynamağınıza icazə verdimi?
- İlk növbədə, təşəkkür edirəm. Bizi də bu məsələ narahat edir. Lakin bugünlərdə veteran futbolçumuz Ələkbər Məmmədov vəfat edib və biz bunun üçün UEFA-ya müraciət ünvanlamışdıq. Onlar da istəyimizə müsbət cavab verərək, qara sarğı ilə oynamağa və qarşılaşmanın bir dəqiqəlik sükutla başlamasına icazə verdilər.
- Hücum futbolu oynasaz da, ilk qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu dəfə taktikanızı dəyişmək haqda düşünürsünüz?
- “Neftçi” çox yaxşı komandadır. III təsnifat mərhələsinin özü bunu sübut edir. Dəyişiklikləri matçda görəcəksiz.
- “Çixura” son 3 avrokubok matçında meydanı qol vurmadan tərk edib. Gürcülər sabah qol vurarlarsa, bu həlledici ola bilər?
- Mən “Çixura”nın müdafiə futbolu oynamasını ifadə etdim. Onlardan I təsnifat mərhələsində “Turnovo” ilə matçı istisna olmaqla, başqa məqsədli oyun görmüsüz?