Türkiyənin I liqasının əsas mərhələsi başa çatdıqdan sonra yarışda qol vuran futbolçuların tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin də bombardirlər cədvəlindəki mövqeyi bəlli olub.
“Orduspor”un heyətində 8 qol vuran hücumçu ümumi siyahıda 30-36-cı yerlərə şərik olan 7 futbolçu sırasında qərarlaşıb. Son 3 matçda meydanı qolsuz tərk etməyən Subaşiç 8 dəfə fərqlənən 7 oyunçudan biridir.
Branimir “Orduspor”un üzvləri arasında 3-cüdür. Milliləşən serbiyalı Ordu təmsilçisində 17 qol vuran Anil Taşdəmir və 9 dəfə fərqlənən Maykl Landeldən geri qalır. Ümumi siyahıya isə 19 dəfə rəqib qapılarına yol tapan Muhammed Reis (“Balıkəsirspor”) və Slavko Peroviç (“Manisaspor”) başçılıq edir.
Qeyd edək ki, Subaşiç pley-off mərhələsində qol sayını artırmaq imkanına malikdir. Hücumçumuz mayın 9-da və 13-də “Mersin İdman Yurdu” ilə qarşılaşmalarda uğurlu seriyasını davam etdirmək imkanına malikdir.