Branimir Subaşiç millinin heyətindən və püşkdən danışdı
17.02.2015 - 16:18
Branimir Subaşiç millinin heyətindən və püşkdən danışdı

“Türkiyə Kubokunun 1/4 finalında “Qalatasaray”la qarşılaşacağıq. Bəxtimiz gətirmədi, püşk üzümüzə gülmədi. Bizi çətin sınaq gözləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Branimir Subaşiç deyib.

 

33 yaşlı hücumçunun çıxış etdiyi Türkiyənin “Manisaspor” klubu ölkə kubokunun 1/4 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq. PTT I Liqa təmsilçisinin güclü rəqibi qarşısında nə edəcəyi maraq doğurur. Subaşiçin fikrincə, hər şeyə rəğmən, yarımfinala adlamaq şansları var: “Qalatasaray”ın necə komanda olduğunu hər kəs bilir. Çox güclü rəqibdi, səviyyəli oyunçuları var. Bununla belə, mübarizə aparacağıq. Necə alınacağını bilmirəm, amma biz meydana təslim olmaq üçün çıxmayacağıq. “Manisaspor”un da yarımfinala adlamaq şansı var”.

 

Subaşiç Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin açıqladığı ilk heyətə toxunub: “Prosineçkinin kimləri çağırmasından xəbərdaram. Görünən odu ki, gənc heyət formalaşdırmaq istəyir. Düzdü, legioner həyatı yaşayan futbolçuları məlum səbəbdən çağırmayıb. İstənilən halda, daha çox gənclərə şans verəcəyini gözləmək olar. Heyəti gəncləşdirmək istəyini normal qarşılayıram”.

 

Təcrübəli forvard Azərbaycan yığmasına dönüşünə inanmadığını vurğulayıb: “Yenidən millidə çıxış etməyi çox istərdim. Ancaq bunun baş tutacağına inanmıram. Səbəbini bilmirəm. Sadəcə, məni çağırmayacağını hiss edirəm. Həmişə Azərbaycan yığmasında oynamağa hazır olmuşam. Milli Antalyada “Şaxtyor”la qarşılaşacaq. Həmin matçda, həmçinin sonrakı oyunlarda da Azərbaycan yığmasına kömək etmək istərdim. Lakin məndən asılı olan məsələ deyil. Bunun üçün dəvət gəlməlidi”.  

 

Qeyd edək ki, 2007-2013-cü illər ərzində Azərbaycan yığmasının formasını geyinən Subaşiç 40 oyunda 7 qol vurub.