Bu da son: “Qəbələ”nin yeni baş məşqçisi məlum oldu
14.06.2014 - 16:58
Bu da son: “Qəbələ”nin yeni baş məşqçisi məlum oldu

“Qəbələ”nin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Klubun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına verdiyi açıqlamaya görə, “qırmızı-qaralar”ın yeni çalışdırıcısı rumıniyalı Dorinel Muntyanu olacaq.

Bu məşqçi ilə hələ mayın sonlarında İstanbulda danışıqlar aparılmışdı. Amma o zaman müəyyən məsələlərə görə tərəflər razılığa gələ bilməmişdi. “Qəbələ” rəhbərliyi bolqarıstanlı məşqçi İvaylo Petevin Kiprin AEL klubundan ayrıla bilməməsindən sonra diqqətini ukraynalı Roman Qriqorçuk və Dorinel Muntyanuya tərəf yönəltmişdi. Məşqçi ilə müqavilənin yaxın günlərdə bağlanılacağı gözlənilir.

Qeyd edək ki, iyunun 25-də 46 yaşını qeyd edəcək Muntyanu ölkəsində ÇFR, “Arceş”, “Vasluy”, Kluj “Universitatya”sı, “Styaua”, “Otselul”, Buxarest “Dinamo”su, Rusiyada isə “Mordoviya” və “Kuban”ı çalışdırıb. O, 1999-cu ilin iyunun 9-da AÇ-2000-in seçmə mərhələsində Buxarestdə Rumıniya millisinin 4:0 qalib gəldiyi görüşdə yığmamızın qapısından 2-ci topu keçirib.