Bu dəfə sonuncu
27.03.2014 - 14:21
Bu dəfə sonuncu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirində sonuncu yeri tutub. Apasport.az saytının məlumatına görə, 9-12-ci yerlər uğrunda mübarizə aparan təsəlliverici qrupun II turundan sonra millimizin sonuncu olacağı dəqiqləşib.

Belə ki, Macarıstana 1:2, İrana 0:1 hesabı ilə uduzduqdan sonra zəiflərin “dördlüy”ündə sonuncu olan Patrisiya Qonzalesin yetirmələrinin bu pillədən xilas olmaq imkanı qalmayıb. Çünki Macarıstan və Türkiyə 4 xala malik olduğundan komandamız üçün əlçatmazdır. Yığmamız son turda İranı məğlub etsə, İrana çata bilər. Lakin reqlamentə əsasən şəxsi oyunlara üstünlük verildiyindən asiyalılar bizdən öndə olacaq. Bu isə qrupda İsrailə 0:1, Rusiya və Rumıniyaya eyni - 0:3 hesabı ilə yenilən yığmamız üçün son turu formallığa çevirib.

Qeyd edək ki, ötən il də bu yarışa qatılan yığmamız Rumıniyaya 0:1, Estoniya və Ukraynaya eyni - 0:2 hesabı ilə uduzduqdan sonra 9-12-ci yerlər uğrunda mübarizə aparmalı olmuşdu. Estoniyanı və Rusiyanı eyni - 1:0 hesabı ilə yenən Moldova ilə qolsuz “sülh”ə imza atan komandamız qrupda 1-ci, yekunda 9-cu yeri tutmuşdu.