“Fənərbaxça” klubu mövsümün sonunda müqaviləsi başa çatan Caner Erkinlə danışıqlar masası arxasına oturacaq. Apasport.az saytının məlumatına görə, futbolçu klubdan sərfəli təklif gözləyir.
Futbolçunun meneceri Batur Altıparmak Caneri Avropanın bir çox klublarının istədiyini bildirib: “Onların arasında İtaliya, İngiltərə, Fransanın böyük klubları da var. Amma biz mövsümün əvvəlində bildirdik ki, “Fənərbaxça” ilə danışıqlar aparmadan heç bir komanda ilə masa arxasına oturmayacağıq. Bu sözümüzə əməl edirik. “Fənərbaxça”nın bu həftə ərzində yeni təklif irəli sürməsini gözləyirik. Bir problem çıxacağını düşünmürük. Çünki Caner də komandada qalmaq istəyir”.
Qeyd edək ki, hazırda ildə 700 min dollar müqabilində “Fənərbaxça” formasını geyən Caner yeni müqavilədə bu məbləğin 2,5 milyona qaldırılmasını istəyir. “Fənərbaxça”nın gənc futbolçuya bu pulu verməyə razılaşıb-razılaşmayacağı maraqla gözlənilir.