Cavadova kim çatacaq: Oluremi, yoxsa Reynaldo?
06.05.2014 - 17:34
Cavadova kim çatacaq: Oluremi, yoxsa Reynaldo?

Topaz Premyer Liqasının XXXIV turu daha iki cütdə bir komandanın digəri üzərində 4-cü qələbəsini qazanması ilə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, “Qarabağ” “İnter”, “Simurq” isə “Rəvan”ı ardıcıl 4-cü dəfə məğlub etmək iddiasındadır.

 

Son 3 turda qarşılaşacaq cütlərdə heç bir komanda rəqibindən 9 xal almadığı üçün sabahkı qarşılaşmalarda son belə hal yaşanacaq. Mövsümün arxada qalan hissəsində isə 4 cütdə tərəflərdən biri rəqibindən 12 xal qoparıb. Bunların ikisi “İnter”in hesabındadır. 2-ci belə uğurunun astanasında olan “Qarabağ”ın, həmçinin “Bakı”nın bir asan rəqibi var.

 

Mövsümdə 4 dəfə eyni komandanın qalib gəldiyi cütlər

 “Qəbələ” - “Qarabağ” – 0:1, 3:4, 0:1, 0:3

“Sumqayıt” – “İnter” – 0:2, 0:2, 0:1, 0:2

“Simurq” – “Bakı” – 0:3, 2:3, 0:1, 1:2

“Rəvan” – “İnter” – 1:5, 0:2, 1:2, 0:3

 

Mövsümdə baş tutan hər 3 matçda eyni komandanın qalib gəldiyi cütlər

 “Simurq” – “Rəvan” – 2:0, 3:0, 2:0

“İnter” – “Qarabağ” – 1:2, 0:2, 0:3

 

Maraqlıdır ki, futbolçular arasında da eyni komanda ilə 4 dövrənin matçlarında qol vuran var. Bunu bacaran isə “İnter”in kapitanı Vaqif Cavadovdur. Millimizin üzvü “Sumqayıt”la 4 matçın hamısında qol sevinci yaşayıb. Bu rekorda XXXIII turda imza atan Cavadovun göstəricisini Con Oluremi təkrarlaya bilər. Bunun üçün ABŞ-dan olan futbolçu sabah “Neftçi”ni məyus etməlidir. Növbəti – XXXV turda isə Reynaldo “Qarabağ”ın “Sumqayıt”la görüşündə Vaqifə çatmaq üçün qol vurmalıdır.