Az öncə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə cütlüklər “kor püşk” vasitəsi ilə müəyyənləşib.
Bakı vaxtı ilə saat 15:00-da başlayan püşk iki İspaniya klubunu - “Barselona” və “Atletiko”nu üz-üzə qoyub.
İspaniyanın digər təmsilçisi Madrid “Real”ının rəqibi Dortmundun “Borussiya” klubu olub. Çempionlar Liqasının son qalibi “Bavariya” finala çıxmaq üçün “Mançester Yunayted” səddini keçməlidir. PSJ-ni isə “Çelsi” ilə çətin sınaq gözləyir.
"Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)
"Real" (İspaniya) - "Borussiya" (Dortmund)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya)
İlk oyunlar aprelin 1-də və 2-də, cavab görüşləri 8-də və 9-da baş tutacaq. Yarımfinal mərhələsinin püşkü aprelin 11-də keçiriləcək. Yarışın finalçıları isə aprelin 22/23 və 29/30-da baş tutacaq qarşılaşmalından sonra bəlli olacaq.