Çinli futbol azarkeşi dünya çempionatının oyunlarını canlı izləyərkən yuxusuzluqdan dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, hadisə ötən həftənin sonunda baş versə də, jurnalistlər bu barədə indi xəbər tutublar.
25 yaşlı azarkeş Suçjou şəhərində yaşayırmış. Onun cəsədini şənbə günü səhər tezdən televizorun qarşısında tapıblar. Bundan bir qədər əvvəl İspaniya-Hollandiya oyunu başa çatıbmış. Cəsədə baxış keçirən həkimlər onun yuxu çatışmazlığından öldüyünü təsdiq ediblər. Ölümə ya güclü yorğunluğun, ya da yuxusuzluq səbəbindən baş verən ürək tutmasının səbəb olduğu bildirilir.
Qeyd edək ki, vaxt fərqinə görə dünya çempionatının oyunlarına canlı baxmaq istəyən çinlilər gecələri yatmamaq məcburiyyətindədirlər. Yerli həkimlər azarkeşlərə öz imkanlarına diqqətlə yanaşmağa çağırırlar.