“Zalsburq”la cavab oyununda çox çətin matç olacaq. Lakin mən komandamıza inanıram” Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Danilo Dias deyib.
Braziliyalı legioner Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la Avstriyadakı cavab qarşılaşması haqda fikirlərini bildirib: “Çalışacağıq ki, məşqçinin tapşırıqlarını yerinə yetirək və Allahın köməyi ilə qalib gələk. “Zalsburq” çox güclü komandadır. Amma mümkün olmayan heç nə yoxdur. Təbii ki, Reynaldo və Telinin yoxluğunda çətin olacaq. Amma çalışacağıq ki, onların da yerinə oynayaq. Vüqar Nadirov və digərləri var ki, bu matçda meydana çıxacaq”.
“Qarabağ”a bu yay transfer olunan cənubi amerikalı ilk oyunlardan uğurlu oynamasından da danışıb: “Yeni komandamdakı ilk oyunlarım uğurlu alındı. Bir neçə qol vurmağa nail oldum. Azərbaycana gələndə komandam üçün hər şey edəcəyimi demişdim. Daha yaxşı formada olmaq üçün səylə məşq edirəm. “Qarabağ”da məni doğma kimi qəbul etdilər. Bizim komanda əsl ailədir. Bura mənim ikinci evimdir. Hamı mənə kömək edir”.