Danışılmış oyunlarla bağlı qətnamə qəbul edildi
27.03.2014 - 13:50
Danışılmış oyunlarla bağlı qətnamə qəbul edildi

UEFA-nın Bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən konqresində danışılmış oyunlarla mübarizə də əsas müzakirə mövzusu olub. Apasport.az saytının məlumatına görə, aparılan fikir mübadiləsində sonra mühüm bir qətnamə qəbul edilib.

Belə ki, qətnamədə hüquq-mühafizə orqanları ilə futbol federasiyaları münasibətləri tənzimlənməsi öz əksini tapıb. Bundan sonra milli assosiasiyalar öz ölkələrində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəklər və danışılmış oyunların iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımı tədbirlər görüləcək.

Qeyd edək ki, AFFA-nın İntizam Qaydalarının “Xüsusi hissə”sində oyun satanın da, oyun alanın da cəzasının eyni olduğu öz əksini tapıb. 95-ci maddədə qeyd olunur ki, danışılmış oyunlar aşkar edilərsə, hər iki komanda Premyer Liqadan kənarlaşdırılır və I diviziona keçirilir. Komandaların xalları silinir. Günahkar şəxslər futbol qurumlarında fəaliyyətdən məhrum edilirlər. Lakin danışılmış oyunların iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı heç bir bənd yoxdur. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yalnız qanunsuz mərc oyunlarının təşkili ilə bağlı maddə var.