“Qəbələ”nin serbiyalı hücumçusu Daniyel Subotiçin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXIX turunda “Xəzər Lənkəran”a 0:1 hesabı ilə məğlub oldunuz. Halbuki, qələbə sayəsində turnir cədvəlində mövqeyinizi bir qədər yaxşılaşdıra bilərdiniz. Niyə belə oldu?
- Biz yaxşı oynadıq, qol vurmaq üçün xeyli şansımız oldu. Ancaq bəxtsizlikdən fərqlənə bilmədik. Bir səhv etdik, onda da “Xəzər Lənkəran” kimi səviyyəli rəqib bundan yararlanıb bizi cəzalandırdı.
- Çoxlu qol vəziyyətlərinizin olduğunu dediniz. Amma komandanız 3 hücumçu ilə çıxış etsə də, xüsusən ikinci yarıda o qədər də fəal təsir bağışlamadınız...
- Mən qol vəziyyətləri yaratdıq deyəndə, Yannik Kamanan, Viktor Mendi və özümü nəzərdə tutmurdum. Bütün komanda şəklində yaratdığımız qol vəziyyətlərini demək istəyirdim. Amma bu “trio”nun da o qədər zəif təsir bağışladığını demək olmaz. Çünki Yannikin “çərçivə”yə yaxşı zərbəsi vardı. Mənim başla fərqlənmək şansım oldu. Viktor isə künc zərbəsindən sonra qol vura bilərdi. Lorentso Ebesilio əks-hücumlarımızdan birində topa yaxşı yetişmişdi və həmin an hesabda irəli çıxa bilərdik. Bir sözlə, 4-5 real qol vəziyyətimiz vardı. “Xəzər Lənkəran” isə meydan sahibi kimi topa bir qədər çox nəzarət edirdi.
- Bəs “Xəzər Lənkəran”a hansı komponentlərdə yenildiniz?
- Bunu demək çətindir. Bilirsiniz ki, “Xəzər Lənkəran” doğma meydanda yaxşı çıxış edir. Orda qələbə qazanmaq çox çətindir. Məncə, bu səbəb ola bilər. Ancaq onlar bizi məhz bu komponentlərdə üstələdi deyə belə bir şey yoxdur. Çünki biz bu matçda “Xəzər Lənkəran”dan geri qalmırdıq. Ola bilsin hardasa topu özündə saxlama, ötürmələrdə onlar daha yaxşı idilər. Onlardan topu almaq çətin idi. Əsas fərq bu ola bilər.
- Siz çempionatda 3 oyundur fərqlənə bilmirsiniz. Elə “Qəbələ” də 3 oyundur uduzur...
- (gülür) Belə çıxır ki, mən qol vura bilməsəm, komanda təhlükəli olmayacaq. Bu üzdən rəqib futbolçular bütün diqqətini mənim üzərimə verir və mənə qarşı birə-bir oynamağa çalışırlar. Belədə mənim üçün oynamaq və qol vurmaq çətinləşir. Ancaq bizdə qol vurmağı bacaran başqa səviyyəli futbolçular da var. Təəssüf ki, bəxtsizlikdən qış fasiləsindən sonra onların oyunları alınmır. Ona görə komandada qol vurmaq baxımından bütün diqqət mənim üzərimə yönəlib.
- Çempionatda sonuncu qələbənizi AZAL üzərində qazanmısınız. Maraqlıdır ki, növbəti turda məhz bu komandanı qonaq qəbul edəcəksiniz...
- “Qəbələ” çempionatda istənilən komandanı məğlub etməyə qadirdir. Hətta “Qarabağ”ı da. Artıq biz bunu ölkə kubokunda onları mübarizədən kənarlaşdırmaqla hamıya göstərmişik. Biz bundan əvvəlki 3 qarşılaşmada AZAL-a qalib gəlmişik. Bu dəfə də onları yenmək gücündəyik. Bizə uğursuzluqdan çıxmaq üçün 1 qələbə lazımdır. 1 qələbə hər şeyi dəyişə bilər.
- Mətbuatda rumıniyalı sevgilinizlə fotolarınız yayıldı. Buna reaksiyanız necə oldu?
- O şəkillər mənim üçün sürpriz idi. Onlar insanın şəxsi həyatından olan şəkilləri ictimailəşdirməməli idilər. Bu şəkillər sevgilimin şəxsi internet səhifəsində yerləşdirilmişdi. Bilmirəm, onlar bu şəkilləri necə tapıb? Mən heç “facebook”a bu şəkilləri qoymamışdım. Şəxsi həyata qarışmaqla düzgün etməyiblər. Məsələn, siz mənə zəng vurursunuz, “Xəzər Lənkəran”la oyuna dair suallar verirsiniz, mən də cavab verirəm. Sonra bunu saytınızda yerləşdirirsiniz. Bu, normal haldır. Ancaq bu şəkilləri saytda yerləşdirməklə oxucuda çaşqınlıq dolu sual yaranır: Subotiç görəsən, niyə belə edib, məqsədi nədir? Bununla belə, mən jurnalistləri başa düşürəm. Hərənin öz işi var.
Səbuhi TOFİQOĞLU