Davor Şuker hakimlərdən çəkinir
13.06.2014 - 12:42
Davor Şuker hakimlərdən çəkinir

“Yalnız oyun haqqında danışacağam. Komandamızın çıxışı əla alındı”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya Futbol İttifaqının prezidenti, DÇ-1998-in bürünc mükafatçısı və bombardiri Davor Şuker deyib.

 

Şuker dünya çempionatının açılış matçı - Braziliya – Xorvatiya oyunundan (3:1) sonra verdiyi müsahibəsində hakimlikdən danışmaq istəmədiyini bildirib. Onun bu hərəkəti isə belə izah olunur: hər hansı bir sərt açıqlama hakimlərin Xorvatiyanın digər oyunlarında əks mövqe tutmasına səbəb ola bilər.

 

Şuker Kamerunla oyunda qrup ikincisi olmaq üçün mütləq qələbə qazanmalı olduqlarını bildirib: “Bəli, biz bu matçda heç 1 xal qazana bilmədik. Ancaq, mən onlarla adamdan Xorvatiya yığması və ayrı-ayrı futbolçuları haqqında çoxlu komplimentlər eşitdim. Braziliya ilə matçdan sonra həyat bitmədi. Qrupda ikinci olmaq üçün kamerunlularla oyundan 3 xal götürməliyik. Ona görə hakimlikdən danışmıram ki, hələ ilk oyun başa çatıb. Bizim qrupda hələ 2 görüşümüz var. Əgər biz qrupda II olsaq, bu məni razı salır”.

 

Yeri gəlmişkən, 46 yaşlı Şuker favoritlərini və mundialın bombardiri olmağa namizədlərini açıqlayıb: “Turnirdə əsas favoritim Braziliyadır. Sonra Almaniya, Argentina, Fransa, İngiltərə və başqalarıdır. Ronaldo, Messi, Neymar... Onlardan hər biri bombardir olmağa qadirdir. Mən isə ümid edirəm ki, bizim Manjukiç Kamerunla matçda meydana çıxsın və 2-3 qol vursun”.

 

Qeyd edək ki, “Bavariya”nın hücumçusu Mario Mancukiç Braziliya ilə görüşdə cəzalı olduğu üçün meydana çıxmayıb.