De Xea 5 milyon avro qazanacaq
17.08.2015 - 12:09
De Xea 5 milyon avro qazanacaq

“Mançester Yunayted”in qapıçısı David De Xea hələ də “Real”a keçmək ümidi ilə yaşayır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, ispan qolkiperin arzusu reallaşmasa belə, o, bundan qazanc əldə edəcək.

 

“Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədər olan De Xeanın meneceri bir çox ulduz futbolçu ilə birgə çalışan Jorje Mendeşdi. Futbolçu ilə menecer arasında razılığa əsasən, De Xea bu yay “Real”a transfer olunmasa, o zaman menecer ona 5 milyon avro təzminat ödəyəcək. Çünki Mendeş məhz bu keçidə boyun olaraq De Xea ilə çalışmağa başlayıb.

 

Ancaq “Real” rəhbərliyi də “Mançester Yunayted”in 40 milyon avroluq tələbi ilə razılaşmaq fikrində deyil. “Kral klubu” ən pis halda daha bir il gözləyib, De Xeanı gələn yay heyətinə pulsuz qatmağı düşünür. Elə qolkiper özü də ingilislərlə yeni sazişə qol çəkmək fikrində deyil.

 

Qeyd edək ki, David De Xea “Mançester Yunayted”də baş məşqçi Lui van Qal tərəfindən əsas komandadan uzaqlaşdırılıb.