Del Pyero qərar verdi: Avstraliyanı tərk edirəm
28.04.2014 - 21:31
Del Pyero qərar verdi: Avstraliyanı tərk edirəm

 

İtaliya futbolunun canlı əfsanəsi Alessandro del Pyero mövsümün sonunda Avstraliyanın “Sidney” klubunu tərk etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, bu ilin noyabrında 40 yaşı tamam olacaq futbolçu karyerasını başa vurmağa hazırlaşmır. O, klubun rəsmi saytına açıqlamasında bildirib ki, çıxışlarına ara vermək və gələcək barədə düşünmək istəyir.

 

Del Pyero “Sidney”də 2012-ci ildən çıxış edir. Futbolçu bu müddət ərzində 48 oyun keçirib və 24 qol vurub. Ötən mövsüm del Pyero Avstraliya çempionatının ən yaxşı oyunçusu hesab edilib.

 

Bundan əvvəl “Sidney” klubunun italiyalı futbolçuya baş məşqçi postunu təklif etmək istədiyi xəbər verilirdi. Məsələ ondadır ki, “Sidney” del Pyeronun populyarlığından istifadə edərək, bilet satışını bir neçə dəfə artırıb və xeyli gəlir götürüb. Amma hücumçu Avstraliyanı tərk etməklə bağlı yekun qərar qəbul etdiyini açıqlayıb.

 

Allessandro del Pyero bütün karyerası boyunca “Yuventus”un şərəfini qoruyub və ancaq 2012-ci ildə klubu tərk edib. O, “Yuventus”la bir yerdə 6 dəfə İtaliya çempionu olub, bir dəfə ölkə kubokunu və 4 dəfə Superkuboku qazanıb. Komandanın tərkibində 1 dəfə Çempionlar Liqasında qalib gəlib, 1 dəfə UEFA Superkubokunun sahibi olub. O, ümumilikdə komandanın heyətində 705 rəsmi oyuna çıxıb və 289 qol vurub. Bundan əlavə, del Pyero İtaliya yığması ilə bir yerdə 2006-cı ildə dünya çempionu olub, 2000-ci ildə Avropa çempionatının gümüş medalını qazanıb.