“Komandamız yaxşı oynamadı. Böyük hesablı məğlubiyyət gözlənilməz oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin braziliyalı legioneri Dodo deyib.
Nizam-intizam qaydalarına əməl etmədiyi üçün əvəzedici heyətə göndərilən “sambaçı” Topaz Premyer Liqasının 2014/2015 mövsümünün ilk turunda komandasının “İnter”ə 0:4 hesablı məğlubiyyətinə münasibət bildirib: “Heyətdə yeni futbolçular var. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdı. Yəqin ki, məğlubiyyətə səbəb bu amildi. Vaxt keçdikcə daha yaxşı olacaq. Amma 0:4 hesabı da gözlənilən deyildi. İnanıram ki, qarşıdakı turlarda bunun əvəzini çıxacağıq. Öz gücümüzü sübut edəcəyik. Biz çempionluğa iddialı komandayıq”.
Dodo əsas komandaya nə zaman qayıda biləcəyinə də aydınlıq gətirib: “Hələlik əvəzedici heyətdəyəm. Nə vaxt geri dönəcəyimi də bilmirəm. Amma düşünürəm ki, bu, yaxın vaxtlarda olacaq. Əsas komandada oynamaq istəyirəm. Futbolçu hər zaman eyni səviyyədə oynamır. İndi özümü yaxşı hiss edirəm. Fikrimcə, baş məşqçimiz də məni geri qaytaracaq”.