“Xəzər Lənkəran” “Samsunspor” klubunun hücumçusu Aminu Umarı heyətinə qatmağa çalışır. Bu barədə apasport.az saytına Samsun təmsilçisinin meneceri Ümüt Gürsoy məlumat verib.
Gürsoyun sözlərinə görə, bu transfer üçün “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin onunla əlaqə saxlayıb. “Samsunspor” tərəfi hələ 2 illik müqaviləsi olan nigeriyalı futbolçunu müəyyən para məbləğində satmağa hazır olduqlarını bildirib.
19 yaşlı Umar ölkəsində “Vikki Turists”də çıxış edib. O, ötən il Nigeriya U-20-si ilə Türkiyədə keçirilən dünya çempionatında 4 oyuna 2 qol vurması ilə “Samsunspor”un diqqətini özünə çəkib və baxışa çağırılıb. Baxışda baş məşqçi Hüseyin Kalpar tərəfindən bəyənilən Umarla 3 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Aminu Umar görən mövsüm “Samsunspor”da 33 oyuna 7 qol vurub və 7 məhsuldar ötürmə edib. O, ötən il Nigeriya U-20-si ilə Afrika çempionatının bürünc mükafatçısı və 4 qolla həmin turnirin bombardiri də olub.