Dünya çempionatından maraqlı məqamlar
14.07.2014 - 10:34
Dünya çempionatından maraqlı məqamlar

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı bəzi maraqlı məqamlara yadda qalıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 3-cü dəfədi final oyununun nəticəsini 90 dəqiqənin tamamında müəyyənləşdirmək mümkün olmayıb.

 

2006-cı ildə Almaniyada keçirilən mundialda görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatsa da, əlavə vaxtda qələbə qolu vurulmayıb. Belədə İtaliya ilə Fransa penaltilər seriyasına müraciət etməli olub. 2010 və 2014-cü illərdə keçirilən mundialların finallarında isə 90 dəqiqə ərzində qol vurmaq mümkünsüzə çevrilib. Ancaq tərəflər əlavə vaxtda vurduqları 1 qolla qalibin kimliyini müəyyənləşdirə bilib.

 

4 il əvvəl bu uğura İspaniya Andres İnyestanın 116-cı dəqiqədə vurduğu qolla nail olub. Builki DÇ-də isə Mario Qötsenin 113-cü dəqiqədə vurduğu qol Almaniyanı 4-cü dəfə dünya çempionu edib. Ümumiyyətlə, bu, əlavə vaxtda taleyi həll olunan 5-ci mundial oldu.

 

Yeri gəlmişkən, bu göstərici ilə Almaniya İtaliyaya çatıb. Maraqlıdır ki, Almaniya 4-cü çempionluğunu İtaliya və Braziliya kimi 24 ildən sonra qeyd edib. Bundestim sonuncu dəfə 1990-cı ildə İtaliyanın paytaxtı Romada bu zəfəri yaşamışdı.

 

Almaniyanın çempionluğu həm də yeni göstərici ilə əlamətdar olub. Belə ki, ardıcıl 3-cü dəfə mundialın qalibi adına Avropa təmsilçisi yiyələnib. İndiyədək bir qitənin nümayəndəsi yalnız ardıcıl 2 dəfə çempion ola bilmişdi.

 

Avropalıların ardıcıl 3-cü dəfə qalib olması kubokun Amerika qitəsinə getməsini əngəlləyib. Bununla da amerikalıların avropalılarla eyni sayda – 10-cu dəfə çempionluq yaşamaq istəyi reallaşmayıb. Hazırda Avropa qitəsinin nümayəndələri 11, Amerikanınkılar isə 9 dəfə bu titul sevincini yaşayıb. Almaniyanın qələbəsi isə daha bir yeniliklə yadda qalıb.

 

İndiyədək heç bir Avropa yığması Amerika qitəsində çempionluq kubokunu başı üzərinə qaldırmamışdı. Bununla da Almaniya Braziliyaya çatmış oldu. 1958-ci ildə İsveçdə keçirilən DÇ-də braziliyalılar ilk çempionluqlarını məhz meydan sahibləri olan avropalıların yerində qeyd edib.

 

 

1930. Uruqvay. Uruqvay – Argentina 4:2

1934. İtaliya. İtaliya – Çexoslovakiya 2:1 (əlavə vaxtda)

1938. Fransa. İtaliya – Macarıstan 4:2

1950. Braziliya. Uruqvay – Braziliya 2:1

1954. İsveçrə. Almaniya – Macarıstan 3:2

1958. İsveç. Braziliya – İsveç 5:2

1962. Çili. Braziliya – Çexoslovakiya 3:1

1966. İngiltərə. İngiltərə - Almaniya 4:2 (əlavə vaxtda)

1970. Meksika. Braziliya – İtaliya 4:1

1974. Almaniya. Almaniya – Hollandiya 2:1

1978. Argentina. Argentina – Hollandiya 3:1 (əlavə vaxtda)

1982. İspaniya. İtaliya – Almaniya 3:1

1986. Meksika. Argentina – Almaniya 3:2

1990. İtaliya. Almaniya – Argentina 1:0

1994. ABŞ. Braziliya – İtaliya 0:0 (penaltilərdə - 3:2)

1998. Fransa. Fransa – Braziliya 3:0

2002. Yaponiya/Koreya. Braziliya – Almaniya 2:0

2006. Almaniya. İtaliya – Fransa 1:1 (penaltilərdə - 5:3)

2010. CAR. İspaniya – Hollandiya 1:0 (əlavə vaxtda)

2014. Braziliya. Almaniya – Argentina 1:0 (əlavə vaxtda)