Düyünə düşən hədiyyə
21.02.2014 - 13:02
Düyünə düşən hədiyyə

Ötən ilin dekabrında 30 minlik azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələn milli çempionatlarımızın daimi iştirakçıları – “Qarabağ”la “Neftçi”nin duelini tribunadan cəmi 1500 insanın izləməsi faktına çox üzülmüşdüm. Şükürlər olsun ki, artıq futbol marketinqi sahəsində intibah dövrün qədəm qoymaqdayıq. AZAL klubunun Premyer Liqanın növbəti turunda qonaq edəcəyi “Xəzər Lənkəran”la matçın biletlərini satışa çıxarması buna bariz nümunədir. Özü də, 3 manata. Avrokuboklar zamanı 2 manatından keçib, paytaxtın göbəyində beynəlxalq matç seyr edən vətəndaşlarımız Şüvəlanda futboldan zövq almaqdan ötrü əlavə 1 manat xərcə düşəcəklər ki, buna da dəyər.

 

Zarafat bir yana, xüsusi vəziyyətlərdən istifadə edib, pul qazanmağın yolunu bilirik. Məsələn, qar yağıb, yollar buz bağlayan kimi, normalda Bakıdan Sumqayıta adambaşı 1 manat alan avtobuslar 2 təkliyə işləyirlər. Ona görə də, AZAL-ın böyük azarkeş kütləsinə malik “Xəzər Lənkəran”la görüşü fürsət bilməsini normal qəbul edirəm. Belə də ki, peşəkar klub bilet satar, pul qazanar.

 

“Təyyarəçilər” biletdən hər nə qazansalar, halal xoşları olsun, bunu qoyaq bir qırağa. Əslində, üzərində dayanmaq istədiyim məsələ başqadır. Bilet söhbətini ona görə elədim ki, “Xəzər Lənkəran” klubunun məhsulu sayılan oyununa izləyici tələbatı olmasına diqqət çəkim. Cənub klubunun ev oyunlarının televiziya vasitəsi ilə canlı yayımlanması məhz bu tələbat səbəbi ilə düyünə düşüb. Bundan əziyyət çəkən isə futbolsevərlər, komandanın azarkeşləridir. Bəs günah kimdədir - Peşəkar Futbol Liqasında (PFL), klubda, yoxsa “İdman Azərbaycan”da?

 

Teleyayım hüququnun klublara verilib, sonra geri alınması o qədər təkrarlanıb ki, sayını dəqiq xatırlamıram. Ancaq hələ də bu iş öz həllini tapmayıb. Sonucu dəfə İcraiyyə Komitəsinin iclasında bu hüququn PFL-ə verilməsinə dair qərar çıxarılıb. Daha sonra PFL bunu “Topaz”a, “Topaz” isə “İdman Azərbaycan”a verib. Ramin Musayevin təbirincə desək, hədiyyə edilib. Konkret olaraq, PFL-lə “Topaz” arasında çempionat oyunlarının 70 faizi yayımlanmağı barədə razılıq əldə olunub.        

 

Lakin hələ teleyayım hüququ klublardan alınan zaman, “Xəzər Lənkəran” klubu buna etiraz etmişdi. Konkret olaraq, vitse-prezident Tuyqun Nadirov bildirmişdi ki, heç kim “Xəzər Lənkəran”ın hüquqlarını əlindən ala bilməz. Sitat: “2004-cü ildə yarandığı gündən “Xəzər Lənkəran” hüquqlarını heç kimə verməyib. Yayımla bağlı klubların yalnız razılığı alına bilər. Komandamızın oyunları da klubun bir məhsuludur. Biz bunu heç kimə verməyəcəyik. Bunun üçün razılığımızı almaq istəyənlərin şərtləri bizi qane edəcək müqavilə irəli sürməlidir”.

 

Bax, bu anlaşılmazlıq üzündən “Böyük oyun” adlandırdığımız “Xəzər Lənkəran”la “Neftçi”nin duelini və ya cənubluların sonuncu turda “Bakı” ilə qarşılaşmalarını televiziya vasitəsi canlı izləyə bilmədik. Klubun rəsmi saytı vasitəsi ilə baxmaq mümkün idi? Şəxsən mənim Premyer Liqamızın hansısa oyununu internet vasitəsilə izləməyə maraqlı deyiləm. Keyfiyyətsiz görüntüyə baxmağa, klubun işçilərinin çayxana söhbətinə qulaq asmağa isə heç həvəsim yoxdur. Oyunun canlı yayımlanmırsa, bu, azarkeşin yox, yarışın təşkilatçısı ilə klubların problemidir. Sıravi vətəndaşı orada kimin nəyi bölə bilməməyi qətiyyən maraqlandırmır.

 

 

Bir neçə gün öncə AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və millimizin çalışdırıcısı Berti Foqtsun elitada çıxış edən klubların baş məşqçiləri ilə bir araya gələrək, limit məsələsini müzakirə etmələri və dəyişikliyə labüd saymaları bir daha sübut etdi ki, bəzi qərarlar klub nümayəndələri ilə məsləhətli şəkildə verilməlidir. Bu baxımdan, teleyayım hüququ da istisna təşkil etməməlidir.

 

Bu gün milli çempionatımızın daimi iştirakçılarının, çempionluğa oynayan komandaların ev oyunlarını maksimum 1500 insan tribunadan izləyirsə, “Avropada elə deyil, belədir” kimi söhbətlərə lüzum yoxdur. Məsələ mövcud şərtlər nəzərə alınmaqla, həllini tapmalıdır. Normalda heç bir telekanal 500 nəfər azarkeşin canlı izlədiyi oyunu canlı yayımlamaqda maraqlı ola bilməz, kommersiya baxımından sərf etmir. Lakin “Topaz”la “İdman Azərbaycan” ortaq məxrəcə gələrək, bu işi öz aralarında həll ediblər.

 

İndi bir problem qalıb: öz ev oyunlarının yayımlanması müqabilində pul tələb edən klublarla razılığa gəlmək. Prinsipcə, burda klublar haqlıdır – halal məhsulların satıb, gəlir əldə etmək istəyirlər.

 

Fikrimcə, indiki halda ən uyğun variant klublarda marketinq işinə cavabdeh şəxsləri AFFA-ya dəvət edib, hər birinin mövqeyini öyrənməkdir. Hansı klub yayın hüququnu satmaq istəyirsə, bu səlahiyyəti əlində saxlamalıdır. Bir şərtlə ki, klub ev oyunlarının televiziya vasitəsi ilə canlı yayımlanmasına yazılı şəkildə təminat versin. Yayım hüququnu özündə saxlamaq istəyən klub kanala pul ödəyəcək, yoxsa tender elan edib, satacaq, bu onların şəxsi işidir...