Əcnəbilər vurur, bizimkilər baxır
07.04.2014 - 13:39
Əcnəbilər vurur, bizimkilər baxır

Topaz Premyer Liqasının XXIX turunda vurulan bütün qollara legionerlər imza atıb. Apasport.az saytının məlumatına görə, 5 qarşılaşmada vurulan 7 qolun heç biri yerli futbolçuların hesabına yazılmayıb.

 

Yalnız əcnəbilərin vurduğu turda braziliyalılar hamıdan çox – 3 qol vurub. Kamerunlular isə 2 dəfə fərqləniblər. Digər 2 qol Rusiya və Gürcüstan təmsilçilərinin hesabındadır.

 

Cənubi Amerika ölkəsinin təmsilçilərindən ikisi - Reynaldo Silva ilə Riçard Almeyda “Qarabağ”ın AZAL üzərində qələbəsini təmin ediblər – 2:0. Onların daha bir həmyerlisi Tyaqo de Souza “Rəvan”ın “Sumqayıt”la qarşılaşmadakı 1 xalını qazandırıb – 1:1.

 

Kamerunluların qolları isə 3 xallıq olub. Ernest Nforla Etame Mbilla prinsipial rəqiblər – “Neftçi” və “Xəzər Lənkəran”ın minimal hesablı qələbələrinin memarı olublar. Nfor “Bakı”, Etame “Qəbələ”ni məyus edib.

 

Postsovet məkanından olan futbolçulardan Baçana Sxadadze də 3 xallıq qol vurub. Gürcüstanlı “İnter”in “Simurq”la oyununun taleyini həll edib. Rusiyalı Məhəmməd Qurbanov isə “Sumqayıt”a 1 xal gətirən matçda “Rəvan”ı məyus etməklə hesabı açıb.

 

Qeyd edək ki, cari mövsümdə turun bütün qollarının legionerlər tərəfindən vurulmasına ikinci dəfə təsadüf olunur. İlk belə hal VIII turda qeydə alınmışdı. Onda cəmi 2 qol vurulmuşdu.