“Xəzər Lənkəran”a böyük ümidlərlə gəlmişdim"
06.04.2014 - 17:49
“Xəzər Lənkəran”a böyük ümidlərlə gəlmişdim"

“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elias Ribeyronun apasport.az saytına müsahibəsi

 

- Çempionatın ikinci yarısında Lənkəranda ilk qələbənizi qazandınız. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Yaxşı oyun oldu. “Qəbələ” güclü komandadır. Bu komanda ilə qarşıda hələ daha 2 oyunumuz da var. 3 xal qazanmaq bizim üçün yaxşı oldu. Düzdü, bu qalibiyyət çempionatda bir önəm daşımır. Həm də siz dediyiniz kimi, çempionatın ikinci mərhələsində ilk ev qələbəmiz idi. Bu, bizə yaxşı mənada təsir edəcək. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşa biləcəyik.

 

- Bu qarşılaşma ölkə kuboku üçün kəşfiyyat oyunu adlandırıla bilər?

- Əlbəttə, kəşfiyyat oyunu da adlandırmaq olar. Həm bizim məşqçimiz, həm də rəqib komandanın baş məşqçisi özlərinə lazım olan qeydləri götürdülər. Kubokun yarımfinalına hazırlaşmaq baxımından yaxşı sınaq oldu. Həmçinin, mən bu qələbəni azarkeşlərimizə həsr etmək istəyirəm. Çünki bir neçə oyundur qalib gələ bilməsək də, onlar meydana gəlib bizi dəstəkləyirlər. Onlara təşəkkür edirəm.

 

- Topaz Premyer Liqasında qarşıdakı turlara hazırlıq oyunları kimi baxmaq olar?

- Düz deyirsiniz, Premyer Liqadakı qalan görüşlərə kuboka hazırlıq kimi baxmaq olar. Bizim üçün çempionatda mövsüm bitib. Bundan sonra bütün diqqətimiz ancaq kubokadır. Çünki bu yol bizi Avropa Liqasına aparır.

 

“Xəzər Lənkəran”ın adlı-sanlı transferlərindən oldunuz. Amma 1-2 oyunu nəzərə almasaq, digərlərində meydana əvəzetmədən daxil olursunuz. Bu durumdan narazı deyilsiz?

- Mənə çox çətindir. Çünki əvvəlki klublarımda həmişə əsas heyətdə yer almışam. Bura böyük ümidlərlə gəlmişdim. Düşünürdüm ki, burda da daim oynayaram. Amma uyğunlaşmada problem oldu. Düzdü, hər kəs düşünür ki, belə səs-küylü transfer meydana az çıxır, az oynayır. Amma mən bura pul qazanmağa deyil, oynamağa gəlmişəm. Yenə də hər şey baş məşqçimizdən asılıdır. Məcburam ki, bu vəziyyətə dözüm. Əsas işim odur ki, daha yaxşı hazırlaşıb, özümü yaxşı tərəfdən göstərib, daha çox meydana çıxım.

 

- Növbəti görüşünüz “Bakı”ya qarşı olacaq. Hansı ki, bu komanda “Xəzər Lənkəran”ın 8 oyunluq uğurlu seriyasını qırıb...

- Düzdü, uğurlu seriyamızı qırıb, bizi doğma meydanda məğlub etmişdilər. İndi də səfərdə qalib gəlmək bizim növbəmizdir. Çempionatda heç bir iddiamız olmasa da, məğlub olmamalıyıq. Çünki bu məğlubiyyət bizə kubokda pis təsir edə bilər. Ona görə də “Bakı”ya qarşı səfər oyunu bizim üçün qələbə qazanmaq üçün oyun olacaq.