“Əsas yığmaya çağırılmaq hər bir futbolçunun arzusudu. Mənim üçün də Antalya toplanışına dəvət edilməyim çox sevindirici oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Elvin Camalov deyib.
Azərbaycan millisinin fevralın 20-26-da Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət alan 20 yaşlı yarımmüdafiəçi ilk dəfə əsas komandanın hazırlıqlarında iştirak edəcək.
Camalov bunun sevindirici olduğunu, eyni zamanda məsuliyyətini artırdığını bildirib: “Düzdür, əvvəllər U-21-də çıxış etmişəm. Amma əsas milliyə ilk dəfə çağırılıram. Məşqçilər korpusuna təşəkkür edirəm ki, mənə inanıb, belə bir şans veriblər. Bu sevindirici olduğu qədər də məsuliyyətimi artırır. Mənə inanan məşqçilərin etimadını doğrultmaq üçün çalışıb, əlimdən gələni edəcəyəm. Hər birimiz öz işimizə, peşəmizə məsuliyyətlə yanaşırıq. Daim üzərimizdə çalışırıq. Hazırlıq çərçivəsində də bütün bacarığımı ortaya qoyacam. Fevralın 24-də “Şaxtyor”la qarşılaşacağıq. Ümid edirəm ki, toplanış çərçivəsində əsas millidə debüt etmək imkanım da olacaq. Belə olsa, “Şaxtyor” kimi bir klubla qarşılaşmada şans qazanmış olacam. Onda mənim üçün özümü göstərmək şansı yaranacaq. Bu görüşdə meydana çıxsam, bütün bacarığımı nümayiş etdirəcəm”.
Qeyd edək ki, Azərbaycan millisi Antalya toplanışında yeganə yoxlama oyununu fevralın 24-də Ukrayna “Şaxtyor”una qarşı keçirəcək.