“İnter”in prezidenti Georgi Nikolovla görüşüb, klubdakı vəziyyəti müzakirə etdik. O, mənə klubun Avropa Liqasında çıxış edəcəyini bildirdi. Paytaxt təmsilçisi 100 faiz avrokuboklara qatılacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Bu gün keçirilən brifinq zamanı jurnalistlərin suallarını cavablandıran assosiasiya rəsmisi maliyyə çətinlikləri ilə üzləşən Bakının “İnter” klubunun durumu ilə bağlı fikirlərini açıqlayıb: “Biz klub rəhbərliyi ilə danışıqları mərhələli şəkildə aparırıq. Bu üzdən ilk növbədə avrokuboklarla bağlı məsələni aydınlaşdırdıq. Nikolov da peşəkar klub olduqlarını və yarışa qatılacaqlarını bildirdi. Artıq növbəti mərhələdə klubun gələcək taleyi, növbəti mövsüm Premyer Liqada çıxışını müzakirə edəcəyik. Bununla bağlı iyul ayında görüşümüz olacaq. “İnter” kimi klub dağılmamalıdı”.
Qeyd edək ki, ciddi problemlərlə üzləşən “İnter”in avrokuboklara belə qatılmayacağı, paytaxt təmsilçisini AZAL-ı əvəzləyəcəyi ehtimalları yaranmışdı.