“Futbol və futzal tariximizdə Bakıda ilk dəfə belə bir turnir keçirildi. Ümumiyyətlə, bu, bizim üçün UEFA bayrağı altında keçirilən ilk belə yarış idi. Futzal üzrə UEFA Kubokunun Azərbaycanda keçirilməsi böyük, müsbət haldır”. Bunu apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Ötən həftəsonu Bakıda futzal üzrə UEFA Kubokunun “Dördlər finalı” mərhələsi baş tutdu. Bununla da ilk dəfə ölkəmizdə belə bir mötəbər futzal turniri keçirilmiş oldu.
Baş katibin sözlərinə görə, “Araz”ın tarixində 2-ci dəfə UEFA Kubokunun bürünc medalları qazanması onlar üçün ikiqat bayram olub: “Bildiyiniz kimi, “Eurosport” telekanalı vasitəsilə də oyunlar canlı yayımlandı. “Dördlər finalı”na təcrübəli komandalar vəsiqə qazanmışdı. Ümumiyyətlə, “Barselona”, Moskva “Dinamo”su və “Kayrat”ın burda çıxışı artıq ənənə halını alıb. Təbii ki, bu komandaların burda olması çox müsbət bir hal idi. Bildiyiniz kimi, UEFA İcraiyyə Komitəsinin 2 üzvü də “Dördlər finalı” çərçivəsində Bakıya gəlmişdi. Sevindirici haldır ki, “Araz” III pilləni tutdu. Meydan sahibliyini etməkdən əlavə, “Araz”ın bu uğuru bizim üçün ikiqat sevindirici məqam oldu”.
Məmmədov bildirib ki, “Dördlər finalı”nın paytaxtımızda baş tutması Avro-2020-yə namizəd olan Bakının şanslarını artırır: “Bu müsbət təsirini göstərəcək. Bildiyiniz kimi, bizim bugünədək ən böyük idman tədbirimiz 17 yaşadək qızlar arasında dünya çempionatı idi. Ondan sonra bu gəlir. Dünəndən UEFA bayrağı altında Bakıda böyük məşqçi konfransı keçirilməyə başlayıb. “Fairmont” otelində baş tutacaq forumda 11-ə yaxın ölkədən futbol məşqçiləri iştirak edir. Sonra isə ən böyük idman tədbirimiz 2015-ci il Yay Avropa Oyunları olacaq. 2016-cı ildə isə 17 yaşadək futbolçular arasında Avropa çempionatına ev sahibliyi edəcəyik. Təbii ki, belə tədbirlər müsbət təsirini göstərir. İlk növbədə təcrübə baxımından kömək edir. Digər tərəfdən FİFA və UEFA bizim bacarığımızı görür. Onlar görürlər ki, Azərbaycan belə tədbirlər keçirməyə hazırdır. Otellərimizi, infrastrukturu, yeni hava limanını görməklə özümüzə müsbət ad formalaşdırırıq”.