Emin Mahmudov uğursuz transfer imiş..
19.03.2014 - 11:52
Emin Mahmudov uğursuz transfer imiş..

Rusiya mətbuatı Moskva “Spartak”ının baş məşqçisi postundan istefaya göndərilən Valeri Karpinin uğursuzluğunun səbəblərini araşdırıb. Apasport.az saytı xəbər verir ki, “Sport Ekspress” nəşrində yer alan məqalədə 45 yaşlı mütəxəssisin fiaskosunun 7 səbəbi göstərilib ki, onların arasında uğursuz transfer siyasəti də var.

 

“Spartak” Rusiya Premyer Liqasında qış fasiləsindən sonra 2 tura cəmi 1 xal yığıb və ölkə kubokunun 1/8 finalında ikinci liqa komandası “Tosno”ya uduzaraq, mübarizəni dayandırıb.

 

İlk dəfə 2009 – 2011-ci illərdə, ikinci dəfə isə 2013-cü ilin noyabrından Moskva təmsilçisinin baş məşqçi olan Karpinin özünü doğrultmayan transferləri arasında həmyerlimiz Emin Mahmudov da var: “Onun dövründə kadr baxımından stabillik olmadı, hansı ki, futbolçular uzun müddət bir yerdə oynayırlar və nadir transferlər dəqiq olur. Karpinin zamanında 37 futbolçu alınıb. O, komandanı çalışdırdığı müddətdə özünün “qızıl heyət”ini formalaşdırmağa çalışsa da, bacarmadı. Davamlı olaraq, yeni gələn oyunçuların uyğunlaşmasına, komanda ilə ahəng təşkil etməsi üçün zamana ehtiyac duyulurdu. Özü də, təəccüb doğuran transfer vardı – Eldar Nizamutdinov, Artur Valikayev, Emin Mahmudov, Serxio Rodriqes kimi…”.

 

Qeyd edək ki, Saatlıda doğulan Emin Mahmudov  Rusiyanın “Saturn” klubunun yetirməsidir. O, 2013-cü ildə transfer olunduğu Moskva “Spartak”ında möhkəmlənə bilmədiyindən icarə əsasında “Tom” və “Krılya Sovetov”da çıxış edib. Samara təmsilçisi bu il qış fasiləsində Mahmudovun transfer hüququnu “Spartak”dan alaraq, onunla 3 illik müqavilə bağlayıb.