Əmrah Çəlikəl: Bu mövsüm qismət olmasa da...
25.04.2014 - 11:59
Əmrah Çəlikəl: Bu mövsüm qismət olmasa da...

“Təxminən 1 aya Suraxanıdakı bazamıza köçəcəyik”. Bunu apasport.az saytına “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl deyib.

 

Hazırda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən “Qarabağ” yeni mövsümdən qonaq komandaları köhnə - Suraxanı qəsəbəsindəki arenasında qəbul edəcək.

 

Çəlikəl bildirib ki, 30-45 gündən sonra bu arena tam hazır vəziyyətdə olacaq: “Hazırda stadionumuzda inşaat işləri getməkdədir. Tribunalara da əl gəzdiriləcək. İnşallah, bu mövsüm qismət olmasa da, yeni mövsümdən oyunlarımızı yenidən Suraxanıda keçirəcəyik”.

 

“Qarabağ”ın çempion olacağı heç kimdə şübhə doğurmur. Uzun müddətdən sonra II çempionluğunu Ağdam təmsilçisinin harda qeyd edəcəyi maraqlıdır. Ancaq Çəlikəl həmişə olduğu kimi, sualımıza diplomatik tərzdə cavab verdi: “Hələ çempionluğumuz rəsmiləşməyib. Çempion olmadığımız halda, bu haqda danışmaq düzgün olmaz. Ona görə də hələ xüsusi bir yer fikirləşməmişik. Ancaq ola bilər ki, qızıl medalları qazansaq, bunu Quzanlıda qeyd edək”.