Ənənənin əsasını qoyub, Azərbaycana gəldilər
29.04.2014 - 10:06
Ənənənin əsasını qoyub, Azərbaycana gəldilər

Türkiyə Superliqasında çempionun müəyyənləşməsi ənənənin davamı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2006/07 mövsümündə “Fənərbaxça” ilə çempion titulunu qazanan braziliyalı Ziko buna nail olan son əcnəbi kimi tarixdə qalıb. “Sarı-lacivərdlilər”i çempion edən Ərsun Yanal isə yerli mütəxəssislərin ardıcıl 7-ci zəfərinin müəllifi olub.

 

Maraqlıdır ki, türkiyəli məşqçilərin hegemonluğunun əsasını sonradan Azərbaycanda çalışan mütəxəssislər qoyub. 2007/08 mövsümünün son 6 turunda “Qalatasaray”a rəhbərlik edən Cevat Gülər İstanbul nəhəngini çempionluğa daşıyıb. Bu çalışdırıcı Azərbaycanda “Rəvan”ı qısa müddət fəaliyyət göstərməsi ilə yadda qalıb.

 

2008/09 mövsümündə isə “Beşiktaş” “Xəzər Lənkəran”ın indiki baş məşqçisi Mustafa Dənizli ilə qızıl medalları qazanmışdı. Gülərlə Dənizlinin qoyduğu ənənəni sonrakı mövsümlərdə Ərtuğrul Sağlam (2009/10, “Bursaspor”), Aykut Kocaman (2010/11, “Fənərbaxça”) və Fatih Terim (2011/12, 2012/13, “Qalatasaray”) davam etdirmişdi.