Əvvəl Sloveniya, sonra Avstriya
21.06.2014 - 16:03
Əvvəl Sloveniya, sonra Avstriya

Zaqatalanın “Simurq” klubunun yay fasiləsindəki hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 27-dən yeni futbol ilinin hazırlıqlarına start verəcək komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq.

Əyalət təmsilçisi iyunun 26-da Bakıdan birbaşa reyslə Avstriya paytaxtı Vyanaya yola düşəcək. Oradan avtobusla Sloveniyaya keçəçək “Simurq”, Pahorye rayonun ərazisində yerləşən Roqla dağındakı "Natura" otelində məskunlaşacaq. Georgi Çixradzenin yetirmələri iyulun 6-da, 9-da və 12-də yoldaşlıq görüşlərinə çıxacaq. Sonuncu yoxlama matçından bir gün sonra isə komanda ölkəmizə qayıdacaq.

"Simurq"un yay təlim-məşq toplanışının 2-ci mərhələsinə iyulun 17-də start veriləcək. Avstriyada planlaşdırılan hazırlıq avqustun 1-nə qədər davam edəcək. Burada 5 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Bundan sonra "sarı-qaralar" ölkəyə qayıdacaq və avqustun 4-də Zaqatalada bir araya gələcək.

Qeyd edək ki, baxışa dəvət olunan futbolçular artıq Sloveniya toplanışından etibarən komandanın düşərgəsinə təşrif buyuracaq.