[b]Fariz Nəcəfov: Yuri Syomini zorla saxlaya bilmərik...[/b]
05.05.2014 - 13:32
[b]Fariz Nəcəfov: Yuri Syomini zorla saxlaya bilmərik...[/b]

“Hələlik Yuri Syominlə söhbətimiz olmayıb. Onunla danışıqlara yalnız mövsüm başa çatdıqdan sonra başlayacağıq”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Rusiya mətbuatı “Qəbələ”nin baş məşqçisi Yuri Syominə “Spartak”dan təklif olduğunu iddia edir. Bu üzdən “Qəbələ” rəhbərliyinin klub tarixinin ən uğurlu nəticəsini verən rusiyalı mütəxəssislə vaxtından tez danışıqlara start verdiyini güman etmək olar.

 

Ancaq klubun vitse-prezidenti Fariz Nəcəfov hələ mövsümün sonunu gözlədiklərini bildirir: “Qəbələ” rəhbərliyi hər zaman müqavilə şərtlərinə riayət edir. Bildiyiniz kimi, Yuri Pavloviçlə aramızda olan müqavilənin müddəti mayın sonlarında başa çatır. Biz məhz ölkə kubokunda mayın 22-də “Neftçi” ilə keçiriləcək görüşdən sonra onunla danışıqlara başlayacağıq. Hələ yeni müqavilənin müddəti haqqında konkret bir fikrimiz yoxdur. Bunu onunla danışıqlar masası ətrafına oturduqdan sonra müəyyənləşdirəcəyik. Təbii ki, Syominin komandada qalmasının tərəfdarıyıq. Ancaq getməkdə israr edərsə, onu zorla burda saxlaya bilmərik”.