“Oğlum təxminən 10 gündür Şotlandiyanın “Aberdin” klubunda baxışdadır. O, qışda millinin heyətində Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə keçirilən beynəlxalq turnirində çıxış etdikdən sonra bir neçə klubdan bizə yazılı təklif gəlmişdi”. Bunu apasport.az saytına 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Cem Fələyin atası Vural Fələk deyib.
Cem Fələk “Kouv Reyncers” klubu ilə yoldaşlıq görüşündə meydana çıxıb və 5:5 hesabı ilə bitən oyunda qol vurub. “Aberdin”in baş məşqçisi Derek Makinnes Cemin çıxışından razı qalıb və ona yenə şans vermək fikrindədir.
“Zenit”dən də təklif aldıqlarını bildirən Vural bəy oğlunun “Aberdin”də daha bir müddət məşq keçəcəyini bizdən öyrənib: “O, Şotlandiyada çıxdığı həmin yoldaşlıq matçında qol vurmaqla yanaşı, məhsuldar ötürmə də verib. Cem bu gün axşam Almaniyaya qayıtmalıdır. Hər halda, sonuncu danışığımızda belə demişdi. Ancaq Şotlandiya mətbuatı baş məşqçinin dilindən onun daha bir müddət sınanılacağını bildiribsə, bəlkə də belədir. Bunu sizdən eşidirəm”.
Ata Fələk oğlunun müqavilə ilə məxsus olduğu “Xəzər Lənkəran”da oynaya biləcəyindən və onun Almaniya karyerasından da danışıb: “Xəzər Lənkəran”la 2015-ci ilədək müqaviləmiz var. Sağ olsunlar, Mais və Mübariz Mənsimovla, Tuyqun Nadirovla söhbətləşmək imkanımız olur. Əslində, oğlum “Xəzər Lənkəran”da çıxış edə bilərdi. Ancaq istəyirik ki, Cem Azərbaycana bişmiş formada yollansın. Ona görə də hələ orda oynamağını məqsədəuyğun hesab etmirik. Cem Frankfurt “Ayntraxt”ından sonra cari mövsümün əvvəlində “Bohum”a keçmişdi. Ancaq biz elə bilirdik ki, burda əsas komandada çıxış edəcək. Sən demə, onu “Bohum”un U-19 komandası üçün heyətə qatıblarmış. Biz də buna etiraz etdik. Buna görə də onu cəza olaraq qarşıdakı oyunlara buraxmadılar. Bundan sonra “Bohum”dan ayrıldı. Cem Şotlandiyaya yollanmazadək “Frankfurt”un U-23 komandasının məşqlərinə qatılıb”.
Qeyd edək ki, mayın 12-də 18 yaşını tamamlayacaq Cem Fələk 2008/09 mövsümündə rəqib qapılarına 184 top vuraraq qol rekordunu qırdığı üçün Almaniyanın Hessen əyalətinin “Qızıl buts” mükafatına layiq görülüb. O, 2009-cu ildə Türkiyə U-15-də də çıxış edib.
Səbuhi TOFİQOĞLU