[b]Fərqli məkanda, fərqli “Xəzər Lənkəran”! [/b]
01.08.2014 - 23:01
 [b]Fərqli məkanda, fərqli “Xəzər Lənkəran”! [/b]

 

 

Avrokuboklardan uzaq qalan “Xəzər Lənkəran” bu yay hazırlığında uzun bir toplanış qrafiki cızmışdı. İki həftəlik Ərzurum toplanışından fərqli, Sloveniya hazırlığına qoşulmaq imkanımız vardı. Həmişəki kimi, “Xəzər Lənkəran” rəhbərliyi saytımız üçün bu imkanı yaratmağa “yox” demədi. Belədə hazırlığın son iki həftəsini cənub təmsilçisi ilə keçirmək üçün üz tutdum “ağ-yaşıllar”ın toplanış keçdiyi Moravske Toplice qəsəbəsinə.

 

Frankfurtda həbs qorxusu

 

Təyyarə biletim Bakı-Frankfurt-Qrats marşrutu üzrə alınmışdı. Şengen vizasının Yunanıstan səfirliyi tərəfindən verilməsi Frankfurta çatınca gömrük əməkdaşlarının marağına səbəb oldu. Sonra bu maraq böyüyüb, polis məntəqəsinə qədər uzandı. “KPZ”də 2 saatlıq saxlanılıb, sorğu-sualdan sonra sənədlərimdə hansısa problemin olmadığını anlayan alman polisləri məni düz təyyarənin trapına qədər gətirməyə məcbur qaldı. Mən isə Frankfurtdan Avstriyanın ən gözəl şəhərlərindən olan Qratsa qədər məsafəni polis yoxlamasının stressini atmağa sərf etdim.

 

Hava limanında bəndənizi qarşılamağa gələn komandanın rəisi Səməd Mustafayev və mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu oruc tutmalarına rəğmən, böyük məsafə qət etmişdilər. Həmkarımız Hüseyn bəy, Sloveniyanın Moravske Toplice qəsəbəsinə qədər olan bağ-bağçalı, səliqəli, mənzərəli yolu komandanın hazırlığı haqqında ağızdolusu danışmaqla keçirib, sonda  “özün hər şeyi görəcəksən" deməklə, özü də bu istidə taqətdən düşdüyünü anlayıb susdu.

 

Komandanın bütün incəliklərinə bələd olan və işini çox sevən dostumuz Hüseynin bu qədər inamlı və iddialı danışması, sən demə səbəbsiz deyilmiş.

 

Fərqli “Xəzər Lənkəran”

 

Toplanış müddətində son 5 illik “Xəzər Lənkəran” toplanışlarında gördüyüm fərqlər çox idi. Mehribançılıq süni insan mimikalarından ibarət deyildi, türkiyəli baş məşqçi Oğuz Çətin əsl ailə ab-havası yaratmışdı. Komanda sözün əsl mənasında böyük bir marafon üçün hazırlaşıb, sanki illərin uğursuzluğunu unutdurmaq üçün günləri sayırdı. Edilən hər bir transfer “yaralı xəstəyə” - yəni, son illərin uğursuz “Xəzər Lənkəran”ına məlhəm sayılmaqla yanaşı, böyük güc qatmışdı. Yoxlama oyunlarında rəqiblər, deyək ki, rus dilində oyun zamanı danışan latviyalı “yurmala”çılar, Tula “Arsenal”ının futbolçuları “ax, bu azərbaycanlılardan niyə topu ala bilmirik?”, “irəli, özünü “Barselona” sayan uşaqlardan topu almaq zamanıdı” demələri acizliklərinin etirafı, Çətinin komandaya yeritdiyi “Qaranti pas” anlayışının qələbəsi idi.

 

Fikrimcə, güclü fiziki-hazırlıq keçən cənub təmsilçisi bundan sonra bir mövsüm də hazırlıq olmadan mövsümə başlaya bilər.

 

Əl-ələ, bir məqsəd üçün

 

Digər diqqətimi cəlb edən məqam “Xəzər Lənkəran”ın adminstrativ heyətinin günboyu dayanmadan çalışması idi. Sanki, hamı bir gün müxtəlif çəkilişlər edib bunu ictimaiyyətə çatdıran və deyərdim ki, ölkənin ən operativ klub televiziyası “Xəzər Lənkəran” TV-nin əməkdaşı olurdu, daha sonra biri hansısa futbolçunu qarşılamaq üçün Zaqreb aeroportuna yola düşürdü, digəri meydançanın məşqə hazır olmasını yoxlamaq üçün tələsirdi, başqa birisi isə müxtəlif lazım olan avadanlıqların alınması üçün mağazalara qaçırdı. Bu vahid ansambl, işlək mexanizm isə araşdırmama görə vitse-prezident Tuyqun Nadirovun illər boyu tədricən həyata keçirtdiyi kadr siyasətinin uğuru imiş.

 

Uzun hazırlığın qısa görüntüsü

 

İlk dəfə 40 günlük toplanış keçən cənublular fiziki və taktiki planda lazımınca “artırıb” geri döndülər. Heyətinə Azərbaycanın üç böyük milli futbolçusunu – Rəşad Sadiqov, Rauf Əliyev və Əfran İsmayılovu, üstəlik, Qalin İvanov, Alfred Sanko kimi usta isimləri qatan, nəhayət, az qala hər cərimə zərbəsi qol olan Fernando Qabriellə fərqli bir “Xəzər Lənkəran” görəcəyik. Oğuz Çətinin yaratdığı möhtəşəm ailə ab-havası ilə cənublular uzun həsrətə son qoymaq iqtidarındadı.

 

P.S. Səfərin təşkilinə görə “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimova, vitse-prezident Tuyqun Nadirova və toplanış müddətində əməkdaşımıza diqqətini əsirgəməyən Səməd Mustafayevə minnətdarlıq edirik.