FİFA Krım klublarının Rusiya çempionatına qəbul edilməsi ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu beynəlxalq hüquqda Ukrayna ərazisi sayılan Krımın klublarının Rusiya çempionatında iştirakına icazə verməyib.
FİFA-nin baş katibi Jerom Valke Krım və Sevastopol regional futbol federasiyalarının, eləcə də Krım klublarının Rusiya Futbol Federasiyasına qəbul edilməsi ilə bağlı RFS-ə məktub göndərib. Valke məktubunda FİFA-nın buna icazə vermədiyini açıqlayıb: “FİFA Nizamnaməsinin 84-cü maddəsini nəzərə alaraq bildiririk ki, hüquqi və faktiki vəziyyət aydınlaşmadan və müvafiq icazə alınmadan assosiasiyaların, liqaların və ya klubların FİFA üzvü olan ölkəyə birləşməsinə razılıq vermək məsələsinə baxa bilmərik”.
FİFA Nizamnaməsinin 84-cü maddəsinə uyğun olaraq, assosiasiyalar, liqalar və ya klublar ancaq istisna hallarda FİFA üzvü olan digər ölkəyə birləşə və ya digər ölkənin ərazisində keçirilən yarışlarda iştirak edə bilərlər. Hər bir halda bu məsələ hər iki ölkənin futbol assosiasiyalarının, UEFA və FİFA-nın razılığını tələb edir.
Baş katibin məktubunda Rusiyaya xəbərdarlıq da yer alır: “Biz RFS-in Baş Assambleyasına təkidlə tövsiyə edirik ki, hüquqi və faktiki vəziyyət aydınlaşmadan və əgər mümkün olsa, FİFA tərəfindən müvafiq razılıq almadan heç bir addım atmasın2.