“Neftçi” klubunun braziliyalı kapitanı Flavinyonun apasport.az saytına müsahibəsi
- Sabah Avroliqanın II təsnifat mərhələsində Sloveniyanın “Koper” klubu ilə qarşılaşacaqsınız...
- Bizim üçün çox vacib oyundu, çünki Avroliqada yenidən uğur qazanmaq istəyirik. Sabah həm yaxşı oyuna, həm də qələbəyə ehtiyacımız var. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik.
- Bu qarşılaşmadan hansı nəticəni gözləmək olar?
- Bizə lazım olan top buraxmadan qol vurmaqdı. Bunun üçün ancaq hücum etməliyik. Elə nəticə qazanmaq lazımdı ki, səfərdə daha rahat oynayaq. Azarkeşlərimiz önündə oynamağımız bizim üstünlüyümüzdü. Bundan maksimum yararlanmalıyıq.
- Rəqibiniz ilk mərhələdə Monteneqronun “Çelik” klubuna 2 oyunda 9 cavabsız qol vurub. Bu, sizdə narahatlıq yaratmır?
- Biz öz oyunumuzu göstərə bilsək, onlara çox çətin olacaq. Buna əminəm. Çox ciddi yanaşırıq. “Koper” yaxşı komandadı. Elə “Çelik”lə oyunlardakı qələbələri bunu sübut edir. Amma bu, o demək deyil ki, biz onlardan çəkinməliyik. Meydana özümüzə sərf edən nəticə üçün çıxacağıq.
- Amma “Koper”i favorit sayanlar daha çoxdur...
- Futbolda favorit yoxdur. Belə proqnozları xoşlamıram. Futbolda çox istəyən, məqsədi olan və oyuna daha yaxşı köklənə bilən komanda qalib gəlir. Biz qələbəni “Koper”dən daha çox istəyirik. İnanıram ki, komandada hər bir futbolçu bu ab-havadadı.
- Komandanın heyəti Avroliqada uğur üçün kifayət edəcək? Çünki bəzi əsas futbolçular komandadan ayrılıb...
- “Neftçi” elə bir komandadı ki, bir-iki futbolçudan asılı deyil. Kim gedibsə, ona uğurlar arzulayırıq. Biz sabah xarakter nümayiş etdirməliyik. Gənclər və təcrübəlilər bir yerdə, komanda şəklində qələbə qazanmalıyıq.
- Kapitan təyin olunduqdan sonra ilk rəsmi oyununuza çıxacaqsınız. Əlavə hansısa hisslər var?
- Kapitanlıq böyük məsuliyyətdi. Ancaq hər kəs özlüyündə kapitandır və oynadığı mövqenin ən yaxşısı olmağa çalışacaq. Rəsmi kapitan mənəm və bunun öhdəsindən gəlməyə çalışmalıyam.
Elsevər MƏMMƏDOV