Flavinyo: Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidir
05.07.2014 - 09:22
Flavinyo: Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidir

“Bu bizim Avstriyada ilk oyunumuz idi. Boludakı hazırlıqdan sonra yorğunluq fonunda “Dinamo” kimi rəqibə qarşı oynamaq heç də asan deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo deyib.

Flavinyo çıxış etdiyi klubun rəsmi saytına açıqlama verib. O, 2 gün əvvəl Kiyev “Dinamo”suna qarşı keçirilmiş oyunla bağlı fikirlərini bildirib: “Dinamo”nun əsas heyətlə oynadığını nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Amma bizim üçün önəmli olan nəticə deyil, komandamızın oyunudur. Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidir. Oyundan razı qaldım. Bununla belə, daha da hazır vəziyyətdə olmaq üçün kifayət qədər vaxtımız var. Avrokuboklara yaxşı əhval-ruhiyyədə və yüksək səviyyədə hazırlaşırıq. Hələ qarşıda bir neçə hazırlıq oyunumuz da var. Azarkeşlərimiz bilsinlər ki, Avroliqada onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Neftçi” Avstriyadakı ilk yoxlama oyununda Kiyev “Dinamo”su ilə 2:2 hesablı bərabərliyə nail olub.