Georgi Adamiya: Onların fikrində kimisə təhqir etmək olmayıb
06.08.2014 - 10:48
Georgi Adamiya: Onların fikrində kimisə təhqir etmək olmayıb

“Neftçi” və “Çixura”nın mərhələ keçmək şanslarını bərabər sayıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Gürcüstanın “Sioni” klubunun futbolçusu Georgi Adamiya deyib.

 

Azərbaycan çempionatlarında ən çox mükafat qazanan legioner Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” (Gürcüstan) - “Neftçi” (Azərbaycan) matçı haqda fikirlərini açıqlayıb. Adamiya heyətində parladığı Bakı klubunun səfərdəki şanslarını dəyərləndirib: “Hər iki komanda ehtiyatlı oyuna üstünlük verəcək. Heç kim böyük qüvvə ilə irəli atılıb risk etmək istəməyəcək və daha çox səliqəli oynamağı düşünəcək”.

 

2005-ci ilin qışından 2013-cü ilin yayınadək ölkəmizdə “Neftçi”, “Bakı”, “inter” və “Qarabağ”ın şərəfini qorumuş Adamiya “Bakcell Arena”da keçirilən ilk oyundakı xoşagəlməz hadisələri də pisləyib: “Hesab edirəm ki, idman və siyasət bir-birindən ayrı olmalıdır. Bunları bir-birinə qarışdırmaq olmaz. Mənə elə gəlir ki, gürcüstanlı azarkeşlərin fikrində kimisə təhqir etmək olmayıb. Onların bu bannerlə hansısa siyasi çağırış etmək niyyətində olduğunu düşünmürəm. Bakıdakı oyunda baş verənlərdən mətbuat vasitəsilə xəbər tutdum. Oyunun iştirakçılarından kiminləsə bu mövzuda söhbət etməmişəm”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında 198 oyuna 61 qol vuran Adamiya hər iki göstəricidə milliləşənlər nəzərə alınmamaqla legionerlər arasında rekordçudur.