“Yeni mövsümdən “Araz Naxçıvan”da çalışa bilərəm”. Bunu apasport.az saytına “Neftçi”nin sabiq rəisi, hazırda Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov deyib.
Cabbarov ötən il yenidən fəaliyyətini bərpa edən, növbəti mövsümdən elitada mübarizə aparacaq “Araz Naxçıvan”da işləyə bilər. Bunu Cabbarovun özü də təsdiqləyib.
Onun sözlərinə görə, hələ yeni klubunda hansı vəzifədə işləyəcəyinə aydınlıq gəlməyib: “Mənə “Araz Naxçıvan”dan təklif yuxarı səviyyədə gəlib. Allaha şükür, “Neftçi”də müəyyən iş təcrübəm var. Fikirləşdim ki, elitaya yeni çıxmış komandaya öz təcrübəmdən kömək edə bilərəm. Ona görə də razılığımı verdim. Orda komandanın rəisi kimi fəaliyyət göstərəcəyim istisna deyil. Ancaq bu, başqa vəzifə də ola bilər”.
“Neftçi”nin prezidenti saytımıza verdiyi müsahibədə bundan xəbərsiz olduğunu, Cabbarovun yalnız Kikboksinq Federasiyasında işlədiyini diqqətimizə çatdırmışdı. “Neftçi”nin sabiq komanda rəisi bununla bağlı belə dedi: “Neftçi”nin prezidenti Sadıq Sadıqovun bundan xəbəri yoxdur. Görək, məni buraxacaq? “Neftçi”dən ayrılmaq çətin olacaq. Gərək, halallıq alıb ordan ayrılım”.
Qeyd edək ki, Güloğlan Cabbarov ötən mövsüm ölkə kubokunun finalında “Xəzər Lənkəran”la qalmaqallı oyundan sonra “Neftçi”dəki vəzifəsindən ayrılmışdı.
Səbuhi TOFİQOĞLU