Hollandiyada növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk matçda “Arnem”i 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” bu dəfə Hollandiyanın çempionatının iddialılarından sayılan “Alkmaar”la qarşılaşıb.
Əfsanəvi hollandiyalı Marko van Basten baş məşqçisi olduğu komanda ilə oyuna “Qəbələ” Kamran Ağayev, Ürfan Abbasov, Volodimir Levin, Şirməhəmməd Məmmədov, Pavol Farkaş, Ruslan Abışov, Nizami Hacıyev, Adrian Ropotan, Cavid Hüseynov, Markinyoş, Viktor Mendi “11-liy”i ilə çıxıb.
“Alkmaar” isə İv de Winter, Mattias Yohansson, Cefri Qouveliuv, Yan Vuytens, Simon Poulsen, Markus Henriksen, Nemanya Qudelj, Viktor Elm, Steven Berqhuis, Muamer Tankovic, Quus Huppertsdən ibarə heyətə güvənib.
Qarşılaşma Ukrayna səmasında vurulan Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən Malayziyaya məxsus təyyarədə həlak olmuş sərnişinlərin xatirəsinin yad olunması ilə başlayıb. Hər iki komanda meydançaya qara sarğı ilə çıxıb.
Oyun tərəflərin qarşılıqlı hücumları şəraitində keçib. İlk yarım saat ərzində Dorinel Muntyanunun yetirmələri bir neçə əlverişli qol epizodu yaratsa da, rəqib qapıçının inamlı oyunu hesabın açılmasına imkan verməyib. Əvəzində hollandiyalılar 37-ci dəqiqədə ilk qolu vurub. Tankoviç penalti zərbəsindən fərqlənib.
Fasilədən sonra da eyni ssenari təkrarlanıb. “Qəbələ” bir neçə epizodda hesabı bərabərləşdirməyə yaxın olsa da, bunu gerçəkləşdirə bilməyib. Cavid 65-ci dəqiqədə qapıçı ilə üzbəüz qaldığı epizoddan yararlana bilməyib. 70-ci dəqiqədə “Alkmaar” hesab arasındakı fərqi ikiyə çatdırıb. Tankoviç dublunu rəsmiləşdirməklə yanaşı oyunda da son nöqtəni qoyub - 2:0. Bununla da əyalət təmsilçisi Hollandiyada ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində 3-cü oyununu iyulun 23-də keçirəcək. Muntyanunun yetirmələrinin rəqibi Türkiyə təmsilçisi "Konyaspor" olacaq.