İngiltərə Futbol Assosiasiyası oyun zamanı huşunu itirən futbolçulara meydana qayıtmağı qadağan edib. Apasport.az saytının məlumatına görə, başından zərbə alan, amma huşunu itirməyən futbolçuların qayıtmaq şansı qalır. Futbolçu mütləq tibbi müayinədən keçməlidir və bundan sonra onun oyuna qayıtması ilə bağlı qərar qəbul edilə bilər.
Ötən mövsüm “Tottenhem”in qapıçısı Uqo Loris “Everton”la oyunda huşunu itirib. Amma özünə gələndən sonra oyunu davam etdirib. Bu hadisədən sonra London klubunun həkim heyəti ciddi tənqidə məruz qalıb.
Digər belə bir hadisə Braziliyadakı dünya çempionatı zamanı baş verib. Uruqvay və İngiltərə komandaları arasında oyunun 61-ci dəqiqəsində uruqvaylı Alvaro Pereyra Rəhim Sterlinqin diz zərbəsinə tuş gəlib. Başından zərbə alan Pereyra huşunu itirib. Məşqçilər onu əvəz etmək istəsələr də, özünə gələn futbolçu meydanda qalmaqda israr edib və istəyinə çatıb.