“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin “quru seriya"sı qırılıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında ardıcıl 5 matçda qol buraxmayan bosniya və herseqovinalı XXX turun “Rəvan”la qarşılaşmasında rəqib zərbəsi qarşısında aciz qalıb.
5:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qolkiperi 68-ci dəqiqədə braziliyalı Tyaqo Mirasemanın qoluna məyus olub. Sonuncu dəfə XXIV turun “Neftçi” ilə oyununda qol buraxan qapıçının seriyası 525-ci dəqiqədə qırılıb. Bunadək Şehiçin qapısına qol vuran son futbolçu həmin görüşün 83-cü dəqiqəsində fərqlənən Mirhüseyn Seyidov olmuşdu.
Ardınca “Bakı”, “İnter”, “Sumqayıt”, “Qəbələ” və AZAL-la qarşılaşmalarda top buraxmayan legioner bununla da mövsümün 2-ci nəticəsinə imza atıb. Son matçda qolu buraxdığı vaxtadək hesabına əlavə etdiyi dəqiqələrlə “Simurq”un polşalı qapıçısı Pavel Kapsanı keçən Şehiç yalnız “Qarabağ”dakı əvəzləyicisi Fərhad Vəliyevdən geri qalıb.
1. Fərhad Vəliyev (“Qarabağ”) – 554
2. İbrahim Şehiç (“Qarabağ”) - 525
3. Pavel Kapsa (“Simurq”)– 505
4. Kamran Ağayev (“Bakı”) – 360
5-6. David Petjkeviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) – 335