[b]İbrahim Uzunca: ...həmin pulu uşaqlara verək [/b]- MÜSAHİBƏ
30.01.2015 - 13:45
[b]İbrahim Uzunca: ...həmin pulu uşaqlara verək [/b]- MÜSAHİBƏ

“Bakı”nın baş məşqçisi İbrahim Uzuncanın apasport.az saytına müsahibəsi

 

- Qış fasiləsi artıq başa çatdı. Geridə qalan 40 günlük fasilədən necə istifadə etdiniz?

- Bu fasilədən maksimum istifadə etməyə çalışdıq, uşaqlarla bir yerdə işləmək imkanı əldə etdik. Heyətimizdən gedənlər oldu. Risto Ristoviç, Lukas Mario Horvat komandadan ayrıldılar. Əlimizdə olan akademiyanın uşaqları ilə ən yaxşısını etməyə çalışdıq. Hədəfimiz həmin gənclərə şans vermək və onları Azərbaycan futboluna qazandırmaqdı.

 

- “Bakı”nın fasilə zamanı Türkiyədə toplanış keçmək variantı yaranmışdı. Bu səfərin baş tutmaması planlarınıza təsir etdimi?

- Burda qalmağımız da planlarımızı pozmadı. Səfərə getməməkdə məqsədimiz oldu. İstədik ki, toplanış üçün çəkiləcək xərci uşaqlara ödəyək, onların cibinə faydası olsun. Buna görə də Bakıda qaldıq. Bazamız normaldı. İmkanımız çatan qədər toplanışımızı keyfiyyətli və səmərəli keçirməyə cəhd etdik. 10 gün toplanışımız oldu. Hazırlıqdan razı qaldım. Oyun təcrübəsi baxımından problemlərin olacağını düşünrəm. Çətin olacaq, amma çətinlikdən çıxmaq üçün əlimizdən gələni edəcəyik.

 

- Təcrübəli futbolçularınız onsuz da az idi. Qalanların da əksəriyyəti komandadan ayrıldı. Bu ayrılıqlar boşluq yaratmayacaq?

- Mütləq yaradacaq. Çünki gedənlərin hamısı təcrübəli futbolçulardı. Amma nə edə bilərik? Akademiyanın yetirmələri ilə həmin boşluqları dolduracağıq. Həmin uşaqlar oynaya-oynaya “artıracaqlar”. Nəticədə də qazanan Azərbaycan futbolu olacaq.

 

- Edilən transferlər komandanın güclənməsi üçün yetərlidi?

- Ramazan Abbasov və Kamil Nurəhmədovu heyətimizə qatdıq. İmkanımız bu futbolçularla güclənməyə yetdi. Onlar da bizdən pul tələb etmirlər. Bura oynamağa gəldiklərini bildirdikləri üçün komandadadılar. Akademiyanın yetirmələri olan gənclər arasında heç olmasa, bir-iki təcrübəli futbolçu da olmalıdı ki, faydalı iş ortaya qoya bilək.

 

- Gənclər oyun təcrübəsi baxımından axsayır. Bəs əzmkarlıq necə, varmı?

- Onlar nə etdiklərini arxada qalan iki dövrədə göstərdilər. Yeni gələnlər də əmzkarlıq göstərsə, əlimizdən gələni edəcəyik. Bu, onlar üçün bir şansdı və hər biri mütləq yararlanmağa çalışacaq.

 

- Adətən futbolçu ardıcıl məğlubiyyətdən sonra psixoloji baxımdan gərginlik keçirir. Bu, komandanızda müşahidə edilirmi?

- Razıyam, belə hallar da olur. Amma hazırkı məqamda bunu hiss etmirəm. Əksinə, oyunlara konsentrasiya olmağa, yaxşı oynamağa, xal toplamağa çalışırlar. İndi oyunların başlamasını gözləyirik. İndidən desəm ki, belədi, elədi, yalan olar. Oyunlar hər şeyi göstərəcək.

 

- 2015-ci ilə “Qəbələ” ilə oyunla start verəcəksiniz. Rəqibinizi izləmisinizmi?

- Onların Türkiyə toplanışı zamanı keçirdikləri oyunlara baxdım. Futboldu, uda da bilərik, uduza da. Aramızda elə də böyük fərq yoxdu. Əsas futbolçularımın bunu meydanda göstərmələridi. Bunu bacarsalar, istənilən nəticəni göstərə bilərik.

 

- Ümumiyyətlə, ardıcıl 2 oyununuz güclü komandalara qarşıdı. “Qəbələ”dən sonra “Qarabağ” gəlir...

- Asan oyun yoxdu. Bunu siz də görürsünüz. Məsələn, İngiltərədə “Mançester Yunayted” dördüncü liqada mübarizə aparan komandanı uda bilmir. Köklənmə, arzu və istək çox vacibdi. Bu üç amil uşaqlarda olduğu müddətdə çox oyun udacağıq. Ən azı, uşaqları qazanacağıq. Onlarla 6-7 ildi birgə çalışırıq. Hamısı əlimizin altından keçib. Ümidsiz yaşamaq mümkün deyil. Onlara ümid böyükdü.

 

- Bəs üst sıralarda gedən mübarizə ilə bağlı fikriniz necədi? Hansı komandanı qızıl medallara daha yaxın sayırsınız?

- “Qarabağ”ı favorit hesab edirəm. Çünki onlar avrokuboklarda da sübut etdilər ki, bu səviyyədən üstündülər.