“Pari Sen-Jermen” klubunun hücumçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, isveçli futbolçu karyerasını PSJ-də bitirmək istədiyini bildirib.
Qeyd edək ki, İbrahimoviç “Qalatasaray” başqanı Ünas Aysalın transfer siyahısında idi. Aysal Didye Droqbanın mövsümün sonunda müqaviləsinin bitməsi səbəbindən komandanı tərk edəcəyini düşünərək, isveçli futbolçunu almaq üçün hərəkətə keçməyə hazırlaşırdı. Amma İbrahimoviç ona təklif gəlməmiş bütün suallara aydınlıq gətirib.
İsveçli futbolçu PSJ-dən ayrılmağı düşünmədiyini vurğulayıb: “Hələ 2 il qüvvədə olacaq çox sərfəli müqaviləm var. Hazırda həyatdan zövq alıram və burada xoşbəxtəm. Bəzən qəzetlərdə başqa klublara keçəcəyimlə bağlı xəbərlər oxuyuram. Amma deyə bilərəm ki, Parisdə çox və həddən çox xoşbəxtəm və buradan ayrılmağı ağlıma belə gətirmirəm. Karyeramı da PSJ-də bitirmək niyyətindəyəm”.