“Barselona” klubunun yarımmüdafiəçisi Andres İnyesta Messinin komandadan ayrılacağı ilə bağlı iddialara toxunub. Apasport.az saytının məlumatına görə, futbolçu bunun həm klub, həm də Messi üçün böyük səhv olacağını deyib.
Qeyd edək ki, son vaxtlar Messinin “Barselona”dakı vəziyyətdən narazı olduğu və komandanı dəyişmək variantını nəzərdən keçirdiyi bildirilir. “Mançester Siti” və PSJ Messinin müqaviləsində nəzərdə tutulan 200 milyon avronu “Barselona”ya ödəməyə hazırdırlar.
İnyesta bu məsələyə toxunaraq bildirib ki, Messinin karyerasını “Barselona”da bitirəcəyinə ümid edir: “Komandanın Messi kimi daha bir oyunçu tapması mümkün deyil. Amma Messinin də “Barselona” kimi ikinci klub tapacağı mümkün deyil”.
Yarımmüdafiəçi bu mövsümdəki uğursuzluqlara baxmayaraq, Kataloniya klubunun öz oyun fəlsəfəsindən imtina etməsinin yolverilməz olduğunu qeyd edib: “Futbol stilinin dəyişməsi müzakirə olunmur. Amma qələbə naminə oyuna bəzi korrektələr etmək olar. Çempionatda vəziyyət sadə deyil. Çünki hər şey bizdən asılı deyil. Amma mümkün olmayan heç nə yoxdur”.